Suriya problem Astanada müzakirə edilir Dünya

Suriya problem Astanada müzakirə edilir

Politoloq Məhəmməd Əsədullazadə: "Proseslər Suriyada sülhün nə qədər uzaqda olduğunu göstərir"

Suriya ilə bağlı iki günlük beynəlxalq danışıqların bütün iştirakçıları Astanaya gəliblər. Bunu "RİA Novosti" agentliyinə açıqlamasında Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Anuar Jaynakov söyləyib. Jaynakov görüşlərin qapalı formatda keçiriləcəyini deyib. ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Stüart Consun da Suriya üzrə danışıqların növbəti raundunda iştirak etmək üçün Qazaxıstan paytaxtına gəlib. "Bütün nümayəndə heyətləri, həmçinin ABŞ-ın nümayəndəsi gəlib. O gecə gəldi", - Jaynakov deyib.
Astana danışıqlarında qarant ölkələrin (Rusiya, İran və Türkiyə) nümayəndə heyətlərinə Rusiyadan prezidentin Suriya münaqişəsinin nizama salınması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev, Türkiyədən xarici işlər nazirinin Yaxın Şərq və Afrika məsələləri üzrə müavini Sedat Onal, İrandan isə xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini Hüseyn Caberi Ənsari başçılıq edir.
Dəməşqi isə Suriyanın BMT yanında xüsusi nümayəndəsi Bəşər Cəfəri, silahlı Suriya müxalifətini isə "Ceyş-al-İslam" təşkilatının başçısı Məhəmməd Alluş təmsil edir. Danışıqlara həmçinin BMT baş katibininn Suriya məsələləri üzrə xüsusi elçisi Steffan de Mistura, və İordaniya xarici işlər nazirinin siyasi məsələlər üzrə məsləhətçisi Nauaf Uasfi Tell qatılıb. Onu da qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Suriyada müharibəni dayandırmaq üçün atəşkəs tələb etmək barədə razılığa gəliblər.
Bu, ABŞ-ın təxminən bir ay əvvəl Suriyaya qarşı hava zərbələrini başlamasından sonra münasibətlərin gərginləşməsi fonunda ilk danışıq olub. Ağ Ev və Kreml bəyanatlarında söhbətin məhsuldar keçdiyini deyib. Müzakirə olunan digər mövzular Şimali Koreya və gələcəkdə təkbətək görüşün vaxtı olub.
Tramp Rusiyanın müttəfiqi olan Suriya prezidenti Bəşər Əsədin ittiham edildiyi kimyəvi silah hücumundan sonra hava zərbələri endirməyi əmr edib. Rusiya isə qanunsuz sinir qazın istifadəyə görə Suriya üsyançılarını günahlandırıb. Ağ Evin bəyanatında deyilir: "Prezident Tramp və prezident Putin razılaşıb ki, Suriyada əziyyət həddindən artıq çox getdi və bütün tərəflər zorakılığın dayandırılması üçün mümkün olan hər şeyi etməlidir."
"Söhbəti çox yaxşı oldu və humanitar və bir çox digər səbəblər üçün davamlı sülhə nail olmaq məqsədilə təhlükəsiz zonaların yaradılması da müzakirələrə daxil edilib". Kremlin bəyanatda deyilir ki, iki tərəf atəşkəs rejiminin möhkəmləndirilməsi yollarını tapmaq cəhdləri ətrafında addımları razılaşdırıb. "Məqsəd Suriyada real həll prosesinə başlamaq üçün şərait yaratmaqdır",- bəyanatda deyilir. Tərəflər həmçinin iyulun əvvəlində Hamburqda G20 sammiti zamanı ilk təkbətək görüş keçirmək barədə razılaşıb.
Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ prezidenti Donald Tramp və Rusiyanın dövlət başçısı Vladimir Putin telefonla danışaraq, Suriya, Şimali Koreya problemlərini müzakirə ediblər. Sayca üçüncü olan telefon diplatiyasında tərəflər hələlik ortaq məxrəcə gəlməyib. Trampın Suriyaya raket zərbəsi və Koreya yarmadasına göndərdiyi hərbi gəmilər, Rusiyada ciddi narahatlıq doğurur. Obama hakimiyyəti dövründə Putinin beynəlxalq arenada özünə yer tapmasına, Yaxın Şərq və Şərqi Avropada Rusiyanın təsirinin artmasına səbəb oldu. ABŞ administrasiyası, Obama siyasətinin səhvlərini düzəldərək, ABŞ yenidən beynəlxalq oyunçuya çevirir: "Trampın spontan qərarları Kremldə şok effekt yaratsa da, əslində ABŞ-ın bu sıçrayışla Rusiyanın apardığı siyasətlə barışmayacağının göstəricisidir. Hər iki lider nə qədər Suriya mısələsində atəşkəs, problemlərin həlli yollarını axtarsa da, ortaq fikir nümayiş etdirsə də, Suriyada siyasətləri ziddiyyət təşkil edir. Sülh yolu görünmür. ABŞ Bəşər Əsədin getməsini, Rusiya isə qalmasına çalışır. ABŞ çalışır ki, Əsədi hakimiyyətdən salmaqla, Rusiyanın Suriyada mövqeyi zəifləsin. Proseslər Suriyada sülhün nə qədər uzaqda olduğunu göstərir".
Politoloq daha sonra vurğulayıb ki, ABŞ da bu danışıqlara dəvət alıb: "Qeyd edim ki, belə bir formatlı danışıqlar prosesi nəticəsiz olmaqla, regionda Rusiyanın maraqlarına xidmət edir. ABŞ Suriyada bundan sonra, aktiv siyasət aparmaqla Əsəd rejiminin zəifləməsinə çalışacaq. Tramp administrasiyası əsasən hərbiçilərdən ibarətdir. Tramp da onların məsləhətləri ilə qərar qəbul edir. Suriyada Rusiya və İranın güclənməsi, ABŞ və İsrail qəbul etməyəcək. Tezliklə Əsədi devirməklə, Suriyada əsas söz sahibi olacaq. Tramp-Putin telefon danışıqları yalnız xoşməramlı diplomatik trafikdir. ABŞ çalışır ki, Suriyada Əsədin getməsini Putinlə razılaşdırıb, İranı bu regiondan sıxışdırsın. May ayının 11-də Tillerson və Lavrovun görüşü planlaşdırılır. Bu görüşdə əsasən Suriya məsələsi yenədə masada olacaq. ABŞ Rusiya ilə Əsəd məsələsində razılaşmasa, Suriyaya hərbi müdaxilə edəcək. Cənubdan - İordaniyadan Britaniya ordusu da dəstək verəcək".