Ərəb ölkələri Qətərlə əlaqələri kəsdi Dünya

Ərəb ölkələri Qətərlə əlaqələri kəsdi

Bir neçə ərəb ölkəsi Qətərlə diplomatik əlaqələri dayandırıb. Qətər hökuməti "əl-Qaidə" və "İŞİD" terror qruplaşması ilə əməkdaşlıq etməkdə, terrorizmə dəstək verməkdə ittiham olunur. Qətərlə əlaqələri kəsən ölkələr arasında Səudiyə Ərəbistanı, Bəhreyn, Misir və Birləşmiş Ərəb Əmirlikləri yer alır. Paytaxt Doha ilə hava və dəniz nəqliyyatı da dayandırılıb.
Ərəb ölkələri Qətəri regionda stabilliyi pozmaqda ittiham ediblər. Misir, öz növbəsində, Qətər hökumətini "Müsəlman Qardaşları"na dəstək olmaqda təqsirləndirib. Bundan başqa, Qətər Yəməndə husi üsyançılarına qarşı mübarizə məqsədilə yaradılmış koalisiya tərkibindən də çıxarılıb.
Qeyd edək ki, koalisiyaya Səudiyyə Ərəbistanı rəhbərlik edir. Qətər ilə ərəb ölkələri arasında münaqişə ər-Riyadda keçirilən Fars Körfəzi Ölkələri ilə Amerika Birləşmiş Ştatları sammitindən bir həftə sonra başlayıb. Qətərin informasiya agentliyi Qətər əmirinin adından İranla əlaqələrin bərpa olunmasına dair çağırış edib. Lakin daha sonra Qətərin Xarici İşlər Nazirliyi agentliyə məxsus vebsaytın xakerlər tərəfindən hücuma məruz qaldığını və məqalənin də xakerlər tərəfindən dərc olunduğunu bildirib. Bununla belə, Səudiyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri təkzibin inandırıcı olmadığını deyib. Birləşmiş Ərəb Əmirlikləri Qətəri siyasətini dəyişməyə və əvvəlki səhvləri təkrarlamamağa çağırıb. Birləşmiş Ərəb Əmirlikləri Qətərlə əlaqələrini rəsmi Dohanın Müsəlman Qardaşları təşkilatına verdiyi dəstəyə görə dayandırıb. Bu barədə bəyanatı BƏƏ Xarici İşlər Nazirliyi yayıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn Qətərlə münasibətləri kəsiblər. BƏƏ Qətər diplomatlarına 48 saat, vətəndaşlarına isə ölkəni tərk etməsi üçün 14 gün vaxt verib. Qətər Müsəlman Qardaşlarına uzun illərdir dəstək verir. Misirdə Müsəlman Qardaşlarının hakimiyyətə gəlməsinə dəstək verən rəsmi Dohanın bu səbəbdən bir zamanlar Səudiyyə Ərəbistanı ilə münasibətləri pisləşmişdi.