Avropa üçlüyü İstanbulda İranla nüvə məsələsini müzakirə edəcək, rəsmi danışıqlar aparılmayacaq Dünya

Avropa üçlüyü İstanbulda İranla nüvə məsələsini müzakirə edəcək, rəsmi danışıqlar aparılmayacaq

Avropa üçlüyü (Almaniya, İngiltərə və Fransa) İstanbulda İranla danışıqlar aparmayacaq, yalnız bir görüş keçirəcək.

APA xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

Almaniya XİN rəsmisi Almaniya, İngiltərə və Fransa nümayəndələrinin İslam Respublikası nümayəndələri ilə qarşıdan gələn cümə görüşünü təsdiqləyib.

O bildirib ki, Tehranla heç bir müzakirə olmayacaq, ancaq İranın nüvə məsələsi müzakirə olunacaq.

“İstanbul görüşündə ölkəni Almaniya Xarici İşlər Nazirliyinin siyasi direktoru Dominik Mutter təmsil edəcək. Avropa tərəfinin İslam Respublikasının nüvə proqramının gedişatı və Tehran-Vaşinqton danışıqlarının təfərrüatları barədə məlumatlandırılması gözlənilir”, - o əlavə edib.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəqayi deyib ki, sabah İstanbulda keçiriləcək İran-Avropa üçlüyü iclası siyasi direktorlar səviyyəsində keçiriləcək: “İclasda ilk növbədə üç ölkə ilə davamlı məsləhətləşmələrə, o cümlədən Tehran və Vaşinqton arasında dolayı danışıqlara dair müzakirələrə diqqət yetiriləcək”.

İranın Ali Rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şamxani bildirib ki, İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır.

ABŞ Prezidenti Donald Tramp isə Vaşinqtonun Tehranla razılaşma əldə etməyə çox yaxın olduğunu bəyan edib: “Düşünürəm ki, biz İranla razılaşma əldə etməyə çox yaxınlaşırıq. İranla ciddi danışıqlar aparırıq. Biz ikinci mərhələyə keçmək və İranı təhdid etmək istəmirik”, - Tramp vurğulayıb.

Donald Tramp administrasiyası Omanda keçirilən nüvə danışıqlarının dördüncü raundu zamanı İslam Respublikası ilə nüvə razılaşması üçün rəsmi təklif təqdim edib.