Kaya Kallas: Rusiyanı enerji sanksiyaları ilə müharibə imkanlarından məhrum etmək əsas hədəfimizdir Dünya

Kaya Kallas: Rusiyanı enerji sanksiyaları ilə müharibə imkanlarından məhrum etmək əsas hədəfimizdir

Avropa İttifaqı sanksiyalardan əlavə Rusiyaya təzyiqi necə artıra bilər? Artıq sanksiyalar var – bu, əsas alətimizdir. 70-ci paket hazırdır və növbəti sanksiya paketi üzərində işləyirik.

APA xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas jurnalistlərə açıqlamasında deyib.

“Ən ciddi təsiri isə enerji sahəsinə tətbiq olunan sanksiyalar göstərəcək. Məhz buna görə də ötən həftə təqdim etdiyimiz Rusiyanın enerji asılılığından qurtulmağa yönəlmiş yol xəritəsi üzərində işləyirik. Paralel olaraq bu məqsədə çatmaq üçün müvafiq qanunvericilik paketi də hazırlanır. Çünki Rusiyanı bu müharibəni maliyyələşdirmək imkanından məhrum etmək son dərəcə vacibdir,” deyə o əlavə edib.

Onun sözlərinə görə Rusiyanın siyasi təcridə məruz qalması da təzyiq baxımından əhəmiyyətlidir. "Burada bütün tərəflər birlikdə hərəkət etməlidir, çünki aydın görünür ki, sülh istəməyən yalnız Rusiyadır. ABŞ senatoru Qrahamın irəli sürdüyü təklif də çox yaxşıdır və göstərir ki, amerikalılar da bu müharibənin dayandırılması üçün təzyiqin məhz Rusiyaya yönəlməsinin vacibliyini anlayırlar. Biz də təbii ki, buna uyğun olaraq hansı addımlar ata biləcəyimizi nəzərdən keçiririk. Amerikalılarla apardığımız danışıqlarda da bu təklifin Senatdan keçmək şansının yüksək olduğu bildirilir. Onların öz prosedur qaydaları olsa da, bu təşəbbüsün özü mühüm mesaj verir: həm Avropa İttifaqı, həm də ABŞ Rusiyaya qarşı təzyiq göstərməyin vacib olduğunu anlayır və bu istiqamətdə lazımi alətlərə malikdirlər.”