“Avropa Birliyi yaxın zamanlarda parçalanmayacaq” Dünya

“Avropa Birliyi yaxın zamanlarda parçalanmayacaq”

"Avropa Birliyi və Türkiyə arasındakı siyasi gərginlik daimi olmayacaq".
Bu sözləri AB ilə ABŞ arasında son zamanlar artan fikir ayrılığı və AB-dəki parçalanmaları şərh edərkən politoloq İlqar Vəlizadə söyləyib.
"G20 sammiti Avropa Birliyi ilə gedən proseslərə bilavasitə təsir etmir. Düşünürəm ki, Avropanın daxilində gedən ziddiyyətli proseslər indiyə qədər tətbiq olunan vahid idarəetmə prinsiplərindəki problemlərdir. Əlbəttə ki, iqtisadi problemlər bunların başında dayanır. Nə qədər ki, Avropa Birliyi iqtisadi cəhətdən yüksək iqtisadi potensiala malik idi, digər ölkələr ittifaqda qalmağa maraq göstərirdilər, amma indi vəziyyət nisbətən dəyişir.
İqtisadi böhran AB-yə həm də siyasi cəhətdən mənfi təsir göstərdi. Bu təsirlərin sırasında Avropadan çıxmaq meylləri də yer alır. Buna baxmayaraq, AB qüdrətini itirməyib. Kifayət qədər iqtisadi maliyyə mexanizmlərinə malik olan birlik hələ də nisbətən zəif ölkələri özündən ayrılmamağa sövq edə bilir. Bu ölkələrdə isə çox mürəkkəb daxili proseslər gedir. Məsələn, Kataloniya İspaniyanın inkişaf etmiş vilayətidir. İspaniyanın problemlərindən siğortalanmaq üçün Kataloniyanın hakim partiyaları çalışır ki, müstəqillik əldə etsinlər. Lakin bu prosesə AB çox mənfi yanaşır. Çünki bu, digər ölkələrə də təsir göstərə bilər. Yəni varlı əyalətlər çalışacaqlar ki, separatizm meyillərini artırsınlar. Bu da, ümumiyyətlə, ölkələrdə iqtisadi böhranla yanaşı, siyasi problemlərlə də müşahidə oluna bilər. Dolayısı yolla qeyd edilən proses AB-ni zəiflətmək gücündədir. Ona görə də AB prosesin qarşısını almaq üçün müxtəlif səylər göstərəcək".
Politoloqun fikrincə, yaxın gələcəkdə AB-nin dağılması ehtimalı yoxdur, amma birlikdə destruktiv meyillərin artması qaçılmazdır:
"AB dünya iqtisadiyyatı üçün mühüm baza hesab olunur. Düşünürəm ki, parçalanma meyilləri Avropa iqtisadiyyatının zəifləməsinə gətirib çıxaracaq və nəticədə Avropa bazarının alıcılıq qabiliyyəti azalacaq.
AB-nin zəifləməsi ilə dağılması arasında kifayət qədər fərq var. İttifaq o vaxt dağıla bilər ki, proses iri ölkələrdə başlasın və bu ölkələrdə birlikdən çıxmaq istəyən pariyalar hakimiyyətə gəlsin.
Polşa, Macarıstan, Çexiya kimi xırda dövlətlər AB-nin dağılmasının tərəfdarı deyillər, çünki onlar ittifaqdan kifayət qədər böyük yardımlar alırlar. Əgər doğurdan da yardımlar azalsa, AB zəifləsə, ittifaqın dağılması prosesi başlana bilər, lakin bu da uzun illər ərzində baş verə bilər. İttifaqın dağılmasına həm də Almaniya və Fransa kimi böyük dövlətlərin zəifləməsi şərait yarada bilər. Ona görə də AB-nin dağılması prosesinin başlayacağını demək çox tezdir".
Bu arada Türkiyə və Avropa İttifaqı arasında davam edən gərginliyə münasibət bildirən politoloq Tofiq Abbasov deyib ki, Avropa Birliyi və Türkiyə arasındakı siyasi gərginlik daimi olmayacaq.
Politoloq Avropa Birliyi və Türkiyə arasında kəskin bəyanatlar mübadiləsi getdiyini, tərəflərin bir-birlərini ittiham etdiklərini xatırladıb:"Tərəflər arasında bir çox ittihamlar var. Bunlardan ən əsası Türkiyənin Avropa yolu üzərində miqrantlarla bağlı yaşadığı problemdir. Türkiyə bu məsələ ilə bağlı rəsmi Brüsseldən adekvat addımlar atmasını istəyir. Digər tərəfdən, Türkiyənin başqa iddiaları da var. Çünki son dövrlər Avropanın başqa dövlətlərində, xüsusilə, Almaniyada yaşayan türk icmasına qarşı münasibət xeyli dərəcədə dəyişib. Rəsmi Ankara buna göz yuma bilməz. Hətta yaxın günlərdə G20 sammiti çərçivəsində Angela Merkel Rəcəb Tayyib Ərdoğanın türk icmasının qarşısında çıxış etməsinə imkan verilməyəcəyi barədə çox provokativ bir bəyanatla çıxış etmişdi. Əlbəttə, bu genişmiqyaslı addımlar münasibətləri bir qədər də gərginləşdirir. Buna görə də yaxın zamanlarda münasibətlərin tənzimlənməsini gözləmək əbəsdir".
Politoloqun fikrincə, tərəflər yaxın müddətdə münasibətlərini düzəltməyə çalışacaqlar:
"Buna səbəb Türkiyə və Avropa Birliyinin bir-biri üçün çox əlverişli ticarət tərəfdaşı olmasıdır. Türkiyə və Avropa Birliyi 150 milyard dollar həcmində mal mübadiləsi edir. Heç bir tərəf digərini itirmək istəmir. Çünki indi dünya bazarlarında çox böyük sıxlıq, ümumiyyətlə, istehsal qüvvələrinin tənəzzülü müşahidə olunur. Digər tərəfdən, Türkiyə və Avropa Birliyinə daxil olan dövlətlərin çoxsaylı ortaq layihələri var. Əsasən də Avropa Birliyi Türkiyənin enerji təhlükəsizliyi ilə bağlı həyata keçirdiyi siyasətə ehtiyac duyur. Bu baxımdan ola bilsin, tərəflərin bir-birinə iddiaları çoxdur, ancaq onların ticari münasibətlərindən əldə etdiyi gəlir, rasional potensial deməyə əsas verir ki, bu gərginlik yaxın vaxtlarda bitəcək. Çünki ola bilməz ki, Ankara ilə Brüssel, həm də Ankara ilə Avropa Birliyinin tərkibində olan digər dövlətlərin münasibətlərində gərginlik daimi bir amilə çevrilsin. Bu mümkün deyil. Son günlərdə Türkiyənin siyasi rəhbərliyi də kifayət qədər praqmatik yanaşmalarla öz niyyətini büruzə verir. Digər tərəfdən, Avropa İttifaqına daxil olan ölkələr, eləcə də Türkiyə anlaşmazlıqları, mübahisəli məsələləri masa arxasında müzakirə etmək iqtidarındadırlar".
Politoloq mübasibətlərin gərginləşməsinin Azərbaycana da təsirsiz ötüşmədiyini vurğulayıb:
"Çünki Türkiyə bizim həm bölgədə, həm dünyada ən etibarlı tərəfdaşımızdır. Onun başqa ölkələrlə münasibətləri əgər müsbət tərzdə davam edərsə, bu, Azərbaycana da müvafiq tərzdə öz təsirini göstərəcək. Bu baxımdan hesab edirəm ki, Avropa Birliyi və Türkiyə münasibətlərində daha ürəkaçan bir mənzərənin şahidi olacağıq".