

3 İyun 17:28
Rusiyanın Ukrayna ilə müharibəsini sona çatdırmağı hədəfləyən Türkiyə-Rusiya-Ukrayna üçtərəfli görüşü İstanbulda başa çatıb. Görüşdə, ağır xəstə olan bütün hərbi əsirlər və 25 yaşdan aşağı şəxslərin mübadiləsi barədə razılıq əldə olunub.
Türkiyənin ev sahibliyi etdiyi və Xarici İşlər Naziri Hakan Fidanın rəhbərlik etdiyi toplantıya Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın və Baş Qərargah rəisi ordu generalı Metin Gürak da qatılıb.
Xalqcebhesi.az xəbər verir ki, görüşdən sonra açıqlama verən Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli, danışıqların “mənfi nəticələnmədiyini” bildirib. Ukrayna Prezidenti Volodimir Zelenski də, "Heyətlər Türk tərəfinin vasitəçiliyi ilə sənədləri dəyişdi. Əsir mübadiləsi üçün hazırlıq gedir" deyə açıqlama verib.
Ukrayna nümayəndə heyətinin üzvü Kyslytsya danışıqların konkret humanitar nəticələr verə biləcək mərhələyə çatdığını bildirib. Ukrayna Müdafiə Naziri Rustem Umerov isə “Bütün əsirlərin və oğurlanmış uşaqların azad edilməsini tələb edirik. Bütün əsas məsələlərin yalnız liderlər səviyyəsində həll edilə biləcəyinə inanırıq. 20–30 iyun tarixlərində növbəti görüşün keçirilməsini təklif etdik. İlk addım çox aydındır: atəşkəsin təmin edilməsi, humanitar addımların atılması və liderlər zirvəsinə hazırlıqdır” deyə vurğulayıb.
Rus mənbələrinin açıqlamasına görə, razılaşma çərçivəsində bütün ağır xəstə hərbi əsirlər və 25 yaşdan aşağı şəxslər qarşılıqlı şəkildə dəyişdiriləcək. İstanbuldakı danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri Medinskiy, “İndiyədək ən böyük miqyaslı əsir mübadiləsi barədə razılıq əldə etdik. Yaralı və ağır yaralı bütün hərbçilər dəyişdiriləcək” deyə qeyd edib.
Məryəm Quliyeva