

Bərpa olunan enerjidə artım əsasən Çin, ABŞ və Aİ-də cəmləşib, inkişaf etməkdə olan ölkələr üçün maliyyə əsas maneədir.
“APA-Economics” xəbər verir ki, bunu Bakı Enerji Forumunda çıxışı zamanı IRENA-nın (Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi) baş direktor müavini Qauri Sinqx deyib.
Qauri Sinqx bildirib ki, 2023-cü ildə qlobal olaraq 570 giqavatlıq bərpa olunan enerji gücü istifadəyə verilib. Lakin Çini, Aİ-ni və ABŞ-ı çıxsaq, dünyanın qalan hissəsində cəmi 17 giqavatlıq artım qeydə alınıb. Bu isə böyük qeyri-bərabərliyin göstəricisidir.
IRENA rəsmisinin sözlərinə görə, inkişaf etməkdə olan ölkələrin bu sahədə irəliləyə bilməsinin əsas maneəsi maliyyə imkanlarının məhdudluğudur: “COP29-da maliyyə məsələsində irəliləyişlər müzakirə olunsa da, hələ görüləsi çox iş var. Təkcə ayrılan maliyyənin həcmi deyil, kapitalın dəyəri də əsas problemdir. İnkişaf etmiş ölkələrlə müqayisədə inkişaf etməkdə olan ölkələr üçün kapitala çıxış xeyli baha başa gəlir”.
Sinqx əlavə edib ki, bu ölkələr üçün sadəcə enerji istehsalı deyil, ötürmə infrastrukturu – yəni enerji şəbəkələrinin inkişafı da təxirə salınmamalıdır: “Bu gün planlaşdırılan şəbəkə layihələrinin icrası adətən 5-7 il çəkir. Əgər biz bərpa olunan enerjiyə qoyuluşları sürətləndiririksə, o zaman şəbəkə imkanları da paralel genişlənməlidir, əks halda generasiya ilə real istifadənin ünvanları arasında ciddi uyğunsuzluq yaranacaq”.
O həmçinin vurğulayıb ki, qlobal miqyasda elektrik enerjisi istehsalında irəliləyiş olsa da, nəqliyyatın elektrikləşdirilməsi, sənayenin karbonsuzlaşdırılması, isitmə və soyutma sistemlərinin elektrikləşdirilməsi sahələrində hələ ciddi işlər görülməlidir: “Əsl çağırışlar bu sahələrdədir və düşünürəm ki, bu mövzular üzərində hələ uzun müddət danışmalı olacağıq”.