Bərpa olunan enerji mənbələrinin istilik təchizatı sistemlərinə inteqrasiyası təklif edilib İqtisadiyyat

Bərpa olunan enerji mənbələrinin istilik təchizatı sistemlərinə inteqrasiyası təklif edilib

Bərpa olunan enerji mənbələrinin istilik təchizatı sistemlərinə inteqrasiyası təklif edilib.

Bu təklifi bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi tərəfindən təşkil edilən “İstilik təchizatı haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmədə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov səsləndirib.

Nazir müavini qeyd edib ki, energetika sektoru ölkənin ümumi istixana qazı emissiyalarının 87%-ni təşkil edir ki, bunun da təxminən 12%-i binalar alt-sektorunun payına düşür: “Azərbaycanda 2022-ci il üçün təqdim olunan son inventarlaşdırmaya əsasən, bu sahədə ümumi emissiyalar 1990-cı illə müqayisədə 18% azalıb. Lakin iqtisadiyyat mövcud trendlərlə inkişaf etməyə davam edərsə, bu emissiyaların yenidən artması riski mövcuddur.

Azərbaycan bu istiqamətdə Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) sənədini iki dəfə təqdim edib. Bu sənədlərdə 2030-cu ilə qədər istixana qazı emissiyalarının 35%, 2050-ci ilə qədər isə 40% azaldılması öhdəliyi götürülüb”.

Vüqar Kərimov deyib ki, 2024-cü ilin noyabrında Bakıda uğurla keçirilmiş COP29 konfransı çərçivəsində qəbul olunmuş qərarlar, xüsusilə enerji səmərəliliyi, yaşıl enerji zonaları və dəhlizləri, enerji saxlanması və təmiz hidrogen texnologiyalarının inkişafı kimi təşəbbüslər bu sahədə qlobal səviyyədə radikal dəyişikliklərə yol açmaqdadır: “Dünya təcrübəsi göstərir ki, enerjiyə qənaətin ən təsirli yollarından biri yaşayış və kommersiya binalarında istilik və soyutma sistemlərində effektiv həllərin tətbiqidir. “İstilik təchizatı haqqında” qanunun qəbulu, bu baxımdan, həm emissiyaların azaldılması, həm enerji səmərəliliyinin artırılması, həm də Azərbaycanın beynəlxalq iqlim öhdəliklərinin icrası üçün vacib və vaxtında atılmış addım olacaq.

Bununla yanaşı, istilik təchizatı sahəsində geotermal, bioenerji və digər bərpa olunan enerji mənbələrinin sistemlərə inteqrasiyası istiqamətində normativ təşəbbüslərin hazırlanması da zəruridir. Bu addım, texnoloji innovasiyaların genişlənməsinə, emissiyaların azaldılmasına və enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcək”.