İran: ABŞ bazasına hücum Qətərə qarşı bir addım kimi qiymətləndirilməməlidir Dünya

İran: ABŞ bazasına hücum Qətərə qarşı bir addım kimi qiymətləndirilməməlidir

İran Xarici İşlər naziri Abbas Əraqçi, ABŞ və İsrailin İrana qarşı hücumundan sonra bölgədə baş verən son hadisələri Qətər Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdürrəhman Al Sani ilə müzakirə edib.

Xalqcebhesi.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin yazılı açıqlamasına görə, Əraqçi qətərli həmkarı ilə telefon danışığı aparıb. Görüş zamanı Əraqçi iki ölkə arasındakı münasibətlərin “dostcasına və güclü” olduğunu bildirərək, İranın bu əlaqələri “yaxşı qonşuluq prinsipləri və qarşılıqlı maraqlar əsasında davam etdirməyə və gücləndirməyə sadiq olduğunu” vurğulayıb.

Əraqçi qeyd edib ki, İranın Əl-Udeyd bazasındakı ABŞ qüvvələrinə qarşı həyata keçirdiyi hücum, “22 iyun tarixində ABŞ tərəfindən İranın ərazi bütövlüyünə və milli suverenliyinə edilən hərbi hücuma cavab olaraq özünümüdafiə çərçivəsində” gerçəkləşdirilib. O, bu addımın “dost və qardaş Qətər hökumətinə qarşı bir hərəkət kimi qiymətləndirilməməli” olduğunu xüsusi vurğulayıb.

O, həmçinin bildirib ki, ABŞ və İsrailin İrana qarşı hücumlarına baxmayaraq, İran region ölkələri ilə məsləhətləşmələr aparmaqla bu mənfi təsirlərin regional dost münasibətlərə zərər verməsinə imkan verməyəcək.

Əraqçi, Qətər hökumətinin yüksək səviyyəli nümayəndələrinin ABŞ və İsrailin hücumlarını qınayan mövqeyini təqdir etdiyini bildirib və Qətərin bölgədə gərginliyin artmasının qarşısını almaq istiqamətindəki konstruktiv rolunu yüksək qiymətləndirib.

Qətər Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdürrəhman Al Sani də öz növbəsində, ölkəsinin regionda təhlükəsizlik və sabitliyin qorunmasında konstruktiv rol oynamaq əzmində olduğunu bildirib.

Məryəm Quliyeva