İsrailin Qəzzaya hücumlarında 26 fələstinli həlak olub Dünya

İsrailin Qəzzaya hücumlarında 26 fələstinli həlak olub

İsrailin Qəzza zolağının müxtəlif nöqtələrinə təşkil etdiyi hücumlar nəticəsində aralarında uşaqların da olduğu 26 fələstinli həyatını itirib, onlarla insan yaralanıb.

Xalqcebhesi.az xəbər verir ki, xəstəxana mənbələrinin verdiyi məlumata görə, İsrailə məxsus döyüş təyyarələri ötən gecədən etibarən Qəzza zolağının müxtəlif bölgələrində çoxsaylı mülki yaşayış məntəqələrini bombalayıb.

Qəzza şəhərinin şimal-qərbində yerləşən və yerindən edilən fələstinlilərin sığındığı Adnan əl-Alimi məktəbinə edilən hücumda 2 nəfər ölüb, çox sayda insan yaralanıb.

Cənubdakı Xan Yunis şəhərinin əl-Mevasi bölgəsində yerləşən və məcburi köçkünlərin yaşadığı çadıra edilən hücumda 6 nəfər həyatını itirib. Həlak olanlar arasında eyni ailədən olan 3 bacı-qardaş da var.

Şimaldakı Cibaliya qəsəbəsində iki evə edilən artilleriya hücumu nəticəsində isə 2 uşaq ölüb, çox sayda insan yaralanıb.

Qəzza zolağının mərkəzində yerləşən Deyr əl-Bələh şəhərinin şərqində bir qrup fələstinlinin toplaşdığı əraziyə hava hücumu nəticəsində 2 nəfər həyatını itirib.

İsrail ordusu eyni zamanda Bureyc Qaçqınlar Düşərgəsinin şərqinə də intensiv hava hücumları həyata keçirib.

Qəzza şəhərinin şimal-şərqində yerləşən bəzi ərazilərdə isə İsrail ordusuna bağlı bölmələrin çoxmərtəbəli binaları partlatdığı bildirilib.

Fələstinli rəsmilər Qəzza zolağının müxtəlif bölgələrinə təşkil olunan hücumlar nəticəsində 4 nəfərin də öldüyünü açıqlayıb.

İsrail əsgərlərinin Qəzzanın şimalındakı Saftavi bölgəsinə hücumu zamanı 3 nəfər, Qəzza zolağının cənubundakı Xan Yunisin şərqində təşkil edilən iki hava hücumunda isə 7 fələstinli həyatını itirib.

Məryəm Quliyeva