

İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) Livanın cənubunda yerləşən Kuneyn qəsəbəsində bir avtomobili hədəfə alıb. Hücum nəticəsində ilkin məlumata görə 1 nəfər həyatını itirib.
Xalqcebhesi.az məlumatına görə, Livanın Səhiyyə Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, hücum ölkənin cənubundakı Nəbatiyyə vilayətinə bağlı Kuneyn qəsəbəsində baş verib və hədəf mülki nəqliyyat vasitəsi olub. Hadisə yerinə təcili tibbi yardım qrupları göndərilib.
Qeyd edək ki, dünən İsrail qırıcıları Nəbatiyyə şəhərindəki bir yaşayış binasına hava hücumu təşkil etmiş, nəticədə bir qadın həlak olmuşdu.
27 noyabr 2024-cü ildən qüvvəyə minmiş atəşkəsə baxmayaraq, İsrail ordusu Livanın cənubuna qarşı hava və quru hücumlarını demək olar ki, hər gün davam etdirir.
Bu dövr ərzində İsrailin təxminən 3 minə yaxın atəşkəs pozuntusu qeydə alınıb. Hücumlar nəticəsində azı 213 nəfər həlak olub, 508 nəfər yaralanıb.
İsrail ordusu Livanın cənubundan qismən geri çəkilsə də, son toqquşmalarda ələ keçirdiyi 5 strateji yüksəklikdə mövqelərini qoruyub saxlayır.
Məryəm Quliyeva