"Rusiyada kök salmış şovinizm dərinləşir" Siyasət

"Rusiyada kök salmış şovinizm dərinləşir"

“Rusiyada son aylarda ard-arda baş verən olaylar bu ölkədə kök salmış şovinizm və milli ayrı-seçkiliyin nə qədər sistemli şəkildə dərinləşdiyini açıq göstərir. Yekaterinburqda azərbaycanlı icmasının üzvlərinə qarşı təşkil olunan hücumlar təkcə yerli polis orqanlarının özbaşınalığı deyil, mərkəzdən idarə olunan geniş kampaniyanın parçası təsiri bağışlayır. Şahid ifadələri olayların əvvəlcədən planlaşdırıldığını, seçmə hədəflərə yönəldiyini və sonradan mediada məqsədli şəkildə təhrif edildiyini təsdiqləyir. Bu isə miqyasca lokaldan çox daha geniş prosesdən xəbər verir”.

Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva söyləyib.

Z.Qarayeva bildirib ki, Ukrayna müharibəsində canlı qüvvə qıtlığı ilə üzləşən Moskva artıq uzun müddətdir ki, Rusiya vətəndaşı olmayan, yaxud rus olmayan icmaları hədəfə alır: “Miqrantların narkotik ittihamları, süni şəkildə “düzəldilən” cinayət dosyaları, yaxud ailə üzvlərinə təhdid vasitəsilə cəbhəyə göndərilməsi indi artıq istisna deyil, kütləvi praktika səviyyəsinə yüksəlib. Söz verilən ödənişlər, kompensasiyalar çox zaman ödənilmir, geri dönənlər isə yenidən şantaj edilərək ikinci dəfə müharibəyə məcbur olunurlar. Eyni aqibəti milli kimliyinə görə rus pasportu daşıyan qeyri-ruslar da yaşayır: burada etnik mənşə ən vacib “seçim meyarı”na çevrilib. Miqrantlara qapının itələnməsini təkcə hüquq müdafiəçilər deyil, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin də dolayı yolla etiraf edib. Təqdim etdiyi rəsmi statistika miqrantların “sosial təmizləmə” kampaniyasının nüvəsinə çevrildiyini göstərsə də, on minlərlə insanın taleyi üzərində qurulan bu sistem həm beynəlxalq hüququ, həm də Rusiyanın öz Konstitusiyasını pozur”.

Politoloqun sözlərinə görə, rəsmi Moskvanın azərbaycanlılara qarşı rəftarında son aylar daha sərt nümunələr göz önünə çıxıb: “Azərbaycan hələ də mülki təyyarəsinin vurulması faktını unutmur və bu məsələnin beynəlxalq müstəvidə ədalətli həllinə nail olmaq niyyətini qoruyur. Hazırda prosesə beynəlxalq tribunal mexanizmini cəlb etmək, günahkarları cəzalandırmaq və kompensasiyaları təmin etmək üçün yeni diplomatik mərhələ hazırlanır. Paralel olaraq Həştərxanda keçirilən tədbirə dəvət almış azərbaycanlı deputatın Rusiya ərazisinə buraxılmaması, artıq dövlət səviyyəli demarşın növbəti göstəricisidir. Bir müddət öncə Azərbaycanın informasiya resurslarına qarşı yönələn kiberhücum dalğasının arxasında da məhz rus haker qruplarının dayanması Milli Məclisin komitə hesabatında təsdiqlənib. Bu hücumlar təkcə virtual məkanda deyil, real siyasətdə də Bakıya təzyiq aləti kimi istifadə olunur; Kremlə yaxın media fiqurları, o cümlədən Solovyov kimi telepropagandistlər öz anti-Azərbaycan ritorikasını açıq şəkildə bəsləyir və yayırlar”.

O həmçinin deyib ki, Rusiyanın milli siyasətində başqa xalqlara qarşı diskriminasiya tarixi yeni deyil, lakin son dövrdə islamofobiyanın açıq alovlandırılması, müsəlman icmalarının planlı şəkildə hədəfə alınması təhlükəli tendensiyanı dərinləşdirir: “Kreml Qərb cəbhəsində uğursuzluqlar və Ukrayna bataqlığından diqqəti yayındırmaq üçün daxildə “yeni düşmən” konstruksiyasını fəal şəkildə işə salır. Bu siyasət yalnız Rusiya cəmiyyətini daha qütbləşdirmir, həm də qonşu ölkələrlə münasibətləri zəhərləyir, xüsusən də Cənubi Qafqaz kimi həssas regionda sabitliyi risk altına qoyur. Ermənistanda revanşist və radikal qüvvələrin Koçaryan-Sarkisyan xətti üzrə yenidən fəallaşması, Rusiya dəstəyi ilə səslərinin getdikcə ucadan gəlməsi də bu strategiyanın Cənubi Qafqaz komponentidir. Məqsəd regionu yenidən müharibə meydanına çevirmək, siyasi gündəmi hərbi təhdidlər üzərindən formalaşdırmaqdır. Beləliklə, Moskva həm öz təsir dairəsini möhkəmləndirir, həm də daxili auditoriyaya “qələbə” və “şanlı səlib yürüşü” imitasiyası təklif edir”.

Z.Qarayeva sonda diqqətə çatdırıb ki, bütün bu proseslər göstərir ki, Rusiyada milli dözümsüzlük tək-tük epizod deyil, mərkəz tərəfindən idarə olunan və çoxqatlı məqsədlərlə yoğrulmuş strategiyadır: “Hədəfdə isə təkcə miqrantlar yox, etnik-dini mənsubiyyəti “uyğun olmayan” hər kəs dayanır. Azərbaycana qarşı artan təzyiqlər, medianın düşmən obrazı yaratmaq cəhdləri və hibrid hücum metodları regionu yeni risk zonasına çevirir. Məsuliyyətli beynəlxalq mövqelər və hüquqi mexanizmlərlə bu tendensiyanın qabağını almaq vacibdir; əks təqdirdə, Rusiyanın daxilində qızışdırılan şovinizm alovu sərhədləri aşaraq daha geniş miqyasda sabitliyi təhdid edə bilər”.

Röya İsrafilova