

ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər İran barışçıl siyasət yürüdər və əməkdaşlıq edərsə, ABŞ İrana qarşı tətbiq edilən sanksiyaları ləğv edə bilər.
Xalqcebhesi.az xəbər verir ki, Amerika mediasına danışan Tramp, İran və İsrail arasında baş verən toqquşmalarda hər iki tərəfin artıq yorulduğunu, ABŞ-ın İrana qarşı həyata keçirdiyi hava hücumlarının isə “uğurla başa çatdığını” deyib.
Tramp, İranın hücumlar öncəsi zənginləşdirilmiş uranı başqa yerə daşıdığı iddialarını rədd edərək, “Yaşamaq üçün özlərindən başqa heç nəyi başqa yerə aparmayıblar. Bizim etdiyimizin mümkün olduğunu düşünmürdülər,” – deyə qeyd edib.
Sanksiyaların hələ də qüvvədə olduğunu xatırladan Tramp, atəşkəsdən sonra Çin-in İrandan neft alacağına dair yayılan fikirləri təkzib edərək, “Xeyr, mən elə demədim. Sanksiyalar hələ də qüvvədədir. Amma əgər İran öz öhdəliklərini yerinə yetirsə, dinc olarsa, bizimlə əməkdaşlıq edərsə və artıq təhlükə yaratmazsa, o zaman sanksiyaları qaldıra bilərəm,” – deyə bildirib.
Milli təhlükəsizlik məsələləri ilə bağlı açıqlamasında isə Tramp, ABŞ Müdafiə Kəşfiyyat Agentliyinin sızdırılmış hesabatına görə məsuliyyətin jurnalistlər və Demokratların üzərində olduğunu iddia edib və məlumat sızdıranların məhkəməyə verilməli olduğunu vurğulayıb. “İranın nüvə obyektlərinə dair məlumatları sızdıran Demokratlar idi. Onlar mütləq mühakimə olunmalıdır,” – deyə əlavə edib.
Tramp eyni zamanda Kanada ilə ticarət danışıqlarına da toxunaraq, “Vergilər azaldılmayana qədər danışıqlar davam etməyəcək. Vergi endirimi olmadan irəliləyə bilmərik,” – deyə bildirib.
Məryəm Quliyeva