“Financial Times”: Kremlin yeni strateji hədəfi Odessadır Dünya

“Financial Times”: Kremlin yeni strateji hədəfi Odessadır

NATO sammitində müsbət ab-havaya baxmayaraq, Rusiya-Ukrayna cəbhəsindəki vəziyyət narahatedici olaraq qalır.

APA xəbər verir ki, bu barədə “Financial Times”da yayımlanan məqalədə qeyd olunur.

Məqalədə deyilir ki, NATO sammitində üç əsas nailiyyət əldə olunub: “İlk olaraq blok ölkələri əsas missiyanın, yəni Rusiyaya qarşı çəkindiriciliyin artırılmasına fokuslanıblar. İkincisi, müttəfiqlərin hərbi xərcləri Soyuq müharibə dövründəki həcmə çatdırılır. Üçüncüsü isə, NATO və ABŞ arasındakı ittifaqın gücləndirilməsidir”.

Yazıda bildirilir ki, bununla belə, Avropa paytaxtlarında narahatlıq artır. Belə ki, Ukraynaya ciddi dəstək olmasa, o, altı ay ərzində öz hərbi imkanlarının “qırılma nöqtəsinə” çata bilər. Eyni zamanda, Rusiyanın hazırkı intensivliyi daha bir il saxlaya biləcəyi təxmin edilir.

Yazıda o da qeyd edilir ki, bəzi Avropa rəsmiləri hesab edir ki, Kremlin yeni strateji hədəfi Odessadır: “Limanın itirilməsi Ukraynanı dənizə çıxışdan məhrum edəcək və ağır zərbə olacaq”.

Ukraynanın Qərb liderləri ilə bağlı qapılar arxasında keçirilən müzakirələrdə atəşkəs üçün israr etdiyi də vurğulanır. Halbuki bir-iki il əvvəl bu zəiflik hesab olunurdu.

Yazıda o da diqqətə çatdırılır ki, avropalı siyasətçilər arasında Rusiyanın atəşkəslə razılaşmaq niyyətində olduğuna inam azdır. Onlar hesab edirlər ki, Rusiyanın indi əsas məqsədi Vladimir Putinin tarixən Rusiya şəhəri hesab etdiyi Odessanı ələ keçirməkdir.

Ukraynanın dron hücumlarının Rusiyanın kütləvi şəkildə irəliləməsinin qarşısını aldığı bildirilib.