İran məğlubiyyətini pərdələmək istəyir: Tehranın günahkar axtarışında hədəfi Azərbaycan yox, Ermənistan olmalıdır - TƏHLİL Siyasət

İran məğlubiyyətini pərdələmək istəyir: Tehranın günahkar axtarışında hədəfi Azərbaycan yox, Ermənistan olmalıdır - TƏHLİL

İsraillə müharibədə üzləşdiyi ciddi itkilər və nüfuz sarsıntısı fonunda İran rəhbərliyi məğlubiyyətin siyasi və hərbi məsuliyyətini boynuna almaqdansa, diqqəti yayındırmaq üçün xarici "günahkarlar" axtarışına çıxıb. Bu məqsədlə son günlər Azərbaycan əleyhinə yayılmış iddialar bir daha sübut edir ki, Tehran informasiya müharibəsini hərbi uğursuzluqlarının üstünü örtmək üçün əsas alətə çevirib.

Əsas tezis isə bundan ibarətdir ki, guya İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlarda Azərbaycan ərazisindən istifadə olunub. Bu iddialar nəinki sübutlardan məhrumdur, hətta hərbi-texnoloji baxımdan da əsassızdır və absurd səslənir. Azərbaycanın Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan heç bir halda öz ərazisinin üçüncü ölkələrə qarşı istifadə olunmasına icazə vermir. Bu mövqe rəsmi və prinsipial şəkildə ifadə olunub.

İranın uydurma təxribatları: Reallıqdan uzaq, faktlardan məhrum iddialar

Researchers reveal 'Iran-aligned' fake news campaign - Saudi  Gazette

Lakin İranın bəzi siyasi dairələri və təbliğat maşını qeyri-ciddi, hətta bəzən gülünc səviyyəli uydurmaları dövriyyəyə buraxır. Məsələn, İran mediasının yaydığı bir "xəbərdə" iddia olunur ki, guya Ərdəbildə xidmət edən bir əsgər Azərbaycan istiqamətindən gələn naməlum hava obyektini vurub və həmin obyekt partlayaraq onun ölümünə səbəb olub. Belə primitiv təxribat hekayələri nə hərbi reallıqlarla, nə radar müşahidələri ilə, nə də beynəlxalq müşahidəçilərin hesabatları ilə uzlaşır. Əgər ortada doğrudan da iddia edildiyi kimi konkret sübutlar olsaydı, İran tərəfi bu materialları – radar qeydləri, peyk görüntüləri, hərbi müşahidələr – ictimaiyyətə təqdim edərdi. Lakin indiyə qədər heç bir fakt ortalığa qoyulmayıb. Bunun əvəzinə, populist ritorika və dini-siyasi emosiyalar fonunda əsassız ittihamlar səsləndirilir.

Ermənistanın ikili oyunu: İranın uydurmalarını tirajlayaraq gərginliyi artırır

Məsələnin digər maraqlı tərəfi isə Ermənistandır. Ermənistan mediası və teleqram kanalları bu cür dezinformasiyaları tirajlamaqda və İran-Azərbaycan münasibətlərini pozmağa xidmət edən informasiya əməliyyatlarının bir parçasına çevrilməkdə israrlıdırlar. Bu, əslində, Ermənistanın illərdir davam etdirdiyi və “hibrid müharibə” kontekstində analiz edilən təxribatçı informasiya strategiyasının növbəti mərhələsidir. Bundan başqa, Ermənistan tərəfi bu məsələdə diqqəti öz üzərindən yayındırmaq məqsədi də güdür.

Aİ Missiyası və Qərbin kölgə strukturları

Aİ-nin Ermənistandakı Müşahidə Missiyası Qubadlı və Laçınla sərhəddə  növbəti dəfə müşahidə aparıb

Belə ki, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının real məqsədləri barədə müxtəlif səviyyələrdə açıqlamalar verilib. Həmin missiyanın obyektiv beynəlxalq strukturdan daha çox Qərb kəşfiyyatı funksiyası yerinə yetirdiyi, bölgədə, xüsusilə də Rusiya, İran və Azərbaycana əleyhinə kəşfiyyat fəaliyyəti ilə məşğul olduğu barədə kifayət qədər ciddi bəyanatlar var.

Mümkündür ki, İranın son dövrlər ərzində hədəfə alınmış hərbi-strateji obyektlərinə qarşı həyata keçirilən hücumlar da məhz bu tip kəşfiyyat mənbələri və onların verdiyi koordinatlar əsasında ABŞ, Böyük Britaniya və İsrail tərəfindən planlaşdırılıb.

Ermənistan isə bu reallığı ört-basdır etmək üçün uydurma "Azərbaycan izi" ssenarilərini tirajlayır, Tehranla Bakı arasında gərginlik yaratmaq naminə informasiya provokasiyasına əl atır. Halbuki bütün regional oyunçular artıq yaxşı anlayır: İranın içərisindəki zəiflikləri, texnoloji boşluqları və kəşfiyyat açığını ört-basdır etmək cəhdləri nəinki nəticə vermir, əksinə, onu daha da ifşa edir.

Tehran öz məğlubiyyətinə günahkar axtarır: Səbəb daxildə, hədəf Azərbaycanda

US strikes on Iran: What next for Iran, Israel and President Trump? |  Chatham House – International Affairs Think Tank

Belə olan halda, Ermənistanın da bu informasiyaları paylaşaraq oyunun bir hissəsinə çevrilməsi təsadüf deyil – məqsəd açıqdır: Cənubi Qafqazda süni gərginlik yaratmaq və antiAzərbaycan ritorikanı gücləndirmək...

Bütün bu amillər İranın informasiya məkanında apardığı "günahkar axtarışı" kampaniyasının əsl mahiyyətini ortaya qoyur. Tehran hərbi uğursuzluğun əsl səbəblərini – daxili zəiflik, kəşfiyyat boşluqları, texnoloji geriləmə – təhlil edib nəticə çıxarmaqdansa, günahı Azərbaycana yükləməyə çalışır. Bundan başqa, Tehranın Avropa İttifaqı müşahidə missiyasının oylağına çevrilmiş Ermənistandan gələn təhlükələrə, o cümlədən sərhəd boyu toplanan kəşfiyyat məlumatlarını Qərbə ötürülməsi ehtimalına diqqət yetirməsi məsləhətdir.

İran məğlubiyyətə aparan səhvlərindən nəticə çıxarmalı və regionda sabitliyi pozmaq əvəzinə, konstruktiv münasibətlərə önəm verməlidir.

Azərbaycan - sabitliyin və etimadın ünvanı

Dünya siyasətində yeni Azərbaycan obrazı

Azərbaycan isə bu manipulyasiyalara baxmayaraq, beynəlxalq hüququn prinsiplərinə sadiq qaldığını hər zaman sübut edib və regional qarşıdurmalarda iştirak etməmək siyasətini qətiyyətlə davam etdirir. Bu neytral mövqe Azərbaycanı regional sabitlik və etimad ünvanına çevirir – bu isə bəzi qüvvələrin xoşuna gəlmir.