

“İsrail yarandığı gündən bəri daima təhlükəsizliyinin təmin olunması səbəbi ilə öz coğrafiyasını genişləndirməyə çalışıb. 1948-ci il xəritəsi ilə bugünkü xəritə müqayisə olunarsa bu, aydın görünə bilər. Bu məqsədlə müxtəlif zamanlarda fərqli strategiyalar tətbiq olunub”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə söyləyib.
Ş.Cəlilzadə əlavə edib ki, vaxtilə ətrafdakı ərəb-müsəlman dövlətləri ilə müharibələr (1948, 1956, 1967-ci il müharibələri), o cümlədən Misir, İordaniya və Suriya hesabına ərazi genişləmələrinə nail olan İsrail 1979-cu ildə Misirlə razılaşma əldə etdikdən (Sina yarımadasını Misirə qaytardıqdan) sonra 1980-90-cı illərdə fələstinlilərin yaşadığı ərazilərdə yəhudi yaşayış məhəllələrinin sayını gedərək artırmaqla ekspansiya etdi: “Lakin 2005-ci il dönüş nöqtəsi idi. Həmin ildə Şaron Höküməti İsrailin yaşayış məhəllələri tikməklə ekpansiya siyasətindən imtina etdi və yəhudilər Qəzzanı tərk etdilər. Bunun səbəbi təbii ki, yenə də yəhudilərin təhlüksizliyi idi. Çünki anklav vəziyyətində qalan yəhudilər tez-tez fələstinlilərin, o cümlədən Həmasın hücumlarına məruz qalırdılar. O zaman Şaron Hökümətində maliyyə naziri postunu tutan Netanyahu Qəzzanı tərk etmək siyasətə etiraz olaraq vəzifəsindən istefa vermişdi. Çünki Netanyahu İsrailin hansı yolla olur-olsun genişləndirilməsinə çalışıb”.
Siyasi şərhçinin bildirdiyinə görə, İsrailin 2005-ci ildən indiyədək ötən müddətdə Həmasla qarşıdurmaları zaman-zaman atəşkəs rejiminin pozulması və yeni razılaşmanın əldə olunması ilə davam edib: “Lakin bu razılaşmaların hamısı qısamüddətli idi və bir neçə ay, yaxud bir neçə il davam edirdi. Çünki fələstinlilərlə yəhudilərin dövlət sərhədlərinə münasibəti fərqlidir. Fələstinlilər İsrailin 1967-ci il sərhədlərinə qayıtmasında israr etsələr də, real vəziyyət, status-quo fərqlidir. Beləliklə, istər ilkin Oslo, istər Camp David Zirvəsi, istər sonrakı dövrdə ABŞ ilə yaxud digər beynəlxalq güclərin dəstəyilə keçirilən danışıqların real nəticəsi və atəşkəsin davamlılığı olmayıb. Həmasın törətdiyi 7 oktyabr 2023-cü il tarixli terror hücumu isə İsrailin Qəzzada tam miqyaslı müharibəyə başlaması ilə nəticələndi. Bu, daima ekspansiya siyasətinin öncülü olan Netanyahuya istəyini yerinə yetirməyə imkan verdi. Beləcə, hal-hazırda İsrail fələstinliləri tarixi torpaqlarından demək olar ki, qovub çıxarmaq üzrədir. Əməliyyat sırasında qaçqınların sığındığı sığınacaqların vurulması müharibə cinayəti sayılmaqla yanaşı, həm də fələstinlilərin Qəzzadan qovulması üçün şüuraltı çağırışdır. Bu barədə açıq çağırışlar da olub”.
O eləcə də deyib ki İsrail rəsmiləri dəfələrlə fələstinlilərin Misirə köçürülməsi ilə bağlı fikirlər səsləndiriblər: “Misirin ən son əməliyyatlar zamanı Qəzza qaçqınlarını qəbul etməkdən imtina etməsi İsraildə etirazla qarşılanmışdı. Beləliklə, dünən (21 iyul) Deyr-əl-Balax əməliyyatının başlanmasından dərhal sonra fələstinli qaçqınlara Misirlə sərhəddəki Əl-Mavazi bölgəsinə köç etmək çağırışının edilməsi onların Misirlə sərhəddə doğru biraz daha sıxışdırılması deməkdir. Belə ki, Əl-Mavazi Rəfah keçidindən cəmi 5-10 km məsafədədir. İndiyədək Qəzzada yeganə dağıdılmayan yer - Deyr-əl-Balaxda əməliyyatın keçirilməsi İsrailin Qəzza ilə bağlı planının son mərhələyə daxil olmasını göstərir. Hazırda İsrail Qəzzanın demək olar ki, 80%-dən çox hissəsinə nəzarət edir. Qəzzada sivil infrastrukturun dağıdılması fələstinlilərə geri qayıtması üçün heçnə qoymamaq üçündür. BMT Xüsusi Hesabatına görə İsrailin 2023-cü ilin 7 oktyabrından bəri Qəzzada törətdikləri soyqırıma bərabərdir. Buna görə ötən il Beynəlxalq Cinayət Məhkəməsi Netanyahunun həbsi barədə order verib. Lakin beynəlxalq hüququn real siyasət qarşısında işləkliyi demək olar ki, olmadığı üçün, BCM orderləri də bir sıra hallarda kağız üzərində qalmaqdadır. İsrailin genişləmə siyasəti bundan sonra fərqli coğrafiyalarda davam edə bilər”.
Ş.Cəlilzadə diqqətə çatdırıb ki, Qəzza əməliyyatının son mərhələsində İsrailin diqqətini Suriyaya yönəltməsi bunun ilkin siqnallarıdır: “Beləliklə, İsrailin genişlənməsi və öz ətrafında təhlükəsizlik zolağını inşa etməsinin son mərhələsi Suriyadakı əməliyyatlar olacaq. İsrail Əsəd rejiminin ötən ilin dekabrında çökməsindən sonra Suriyada Qolan təpələrinə bitişik ərazidə özü üçün bufer - təhlükəsizlik zonası yaradıb. Ən son bir neçə gün öncəki Suveyda hadisələri – druzlarla ərəb-bədəvi tayfaları arasında qırğınlar və Suriya Ordusunun druzlara qarşı zorakı davranışları, druzların kütləvi qırğınları fonunda İsrailin Suriyaya hərbi müdaxiləsi – bütün bunlar İsrailin təhlükəsizlik zonasının genişləndirilməsi məqsədinə xidmət edir. Yaxın Şərqdə güc uğrunda mübarizə getdiyi nəzərə alınaraq İsrail də bu coğrafiyadakı siyasəti ilə öz yerini gücləndirməyə, təhlükəsizliyini artırmağa çalışır. Demək olar ki, bütün müsəlman dünyası İsrailin Suriyaya ən son hücumlarını qınayan, Suveydada atəşkəsin əldə olunmasını dəstəkləyən bəyanatlar səsləndirdilər. O həmçinin bu günlərdə 25 ölkə, o cümlədən Fransa, Britaniya və digər Avropa ölkələri İsrailin Qəzzada əməliyyatları sonlandırması tələbi ilə çağırış etdilər. Azərbaycanda İsrail-Suriya danışıqlarının keçirilməsi isə ölkəmizin Yaxın Şərqdə sülhün əldə olunmasına dəstək göstərməsi, qlobal missiya ilə çıxış etməsi kimi şərh oluna bilər”.
Röya İsrafilova