

Bu gün Danimarka və Norveçdə hava limanlarının fəaliyyətinin bir neçə saat dayandırılmasına səbəb olan naməlum pilotsuz uçuş aparatlarının axtarışı davam edir.
Bu barədə “The Guardian“ məlumat yayıb.
Məlumata görə, hava limanlarının fəaliyyətinin müvəqqəti dayanması səbəbindən onlarla reys ləngidilib və ya ləğv edilib, bəzi təyyarələr isə ehtiyat hava limanlarına yönləndirilib.
Xüsusilə Skandinaviyanın ən böyük hava limanı yerləşən Kopenhagendə təyyarələrin eniş və uçusu dörd saat ərzində tamamilə dayandırılıb.
Uçuşlar səhər çağlarında dronlar ərazini tərk etdikdən sonra bərpa olunub. Hadisə ilə bağlı araşdırmanı Kopenhagen polisi kəşfiyyat və Silahlı Qüvvələrlə birgə aparır.
İlkin məlumatlara görə, hava limanı ətrafında iki və ya üç böyük dron ola bilərdi, lakin onlardan heç birini ələ keçirmək mümkün olmayıb.
"Polis dronların mənşəyini müəyyən etmək üçün araşdırmaya başlayıb. Dronlar yoxa çıxıb və biz onlardan heç birini ələ keçirə bilməmişik", – Kopenhagen polis idarəsindən komissar müavini bildirib.
Oxşar vəziyyət Osloda da baş verib. Əvvəlcə hava limanın fəaliyyəti qismən, daha sonra isə tamamilə dayandırılıb. Bəzi reyslər digər şəhərlərə yönləndirilib, digərləri isə gecikdirilib.
Səhər uçuşlar bərpa olunub. Oslonun mərkəzində qanunsuz dron uçuşları ilə əlaqədar polis iki nəfəri saxlayıb.
Danimarka və Norveç hüquq-mühafizə orqanları bu iki insidentin bir-biri ilə əlaqəli olub-olmadığını müəyyənləşdirmək üçün əməkdaşlıq edir.