

Rusiya-Ukrayna müharibəsi Avropanın hərbi hazırlıq baxımından zəifliyini üzə çıxarıb və qitə indi bu boşluğun fərqinə varmağa başlayıb.
Bunu Deputat Arzuxan Əlizadə Xalqcebhesi.az-a açıqlamasında söyləyib.
Onun sözlərinə görə, artıq 4 ilə yaxın davam edən müharibə göstərdi ki, Avropa ölkələrinin müdafiə qabiliyyəti yeni çağırışlara cavab vermir: “Ukraynaya qarşı Rusiya hücumu Avropanın müharibəyə hazır olmadığını ortaya qoydu. Müdafiə qabiliyyətləri lazımi səviyyədə deyil, ordu və sənaye imkanları ABŞ-la müqayisədə geri qalır. Xüsusilə ABŞ Ukraynaya dəstək məsələsində Avropadan qat-qat fəal olub.Bayden administrasiyası dövründə Ukraynaya 300-350 milyard dollara yaxın yardım göstərilib. Bu yardım həm maliyyə, həm də silah-sursat dəstəyi kimi həyata keçirilib. Avropa ölkələri barədə bunu demək mümkün deyil”.
Arzuxan Əlizadə vurğulayıb ki, Avropada narahatlığı artıran əsas faktor Rusiyanın növbəti hədəflə bağlı yaratdığı mesajlardır:
"Əgər Rusiya Ukraynada qalib gəlsə, Şərqi Avropa ölkələrinin hədəfə çevrilə biləcəyi barədə açıq signallar var. Son aylarda Polşa, Rumıniya və Finlandiyanın hava məkanının Rusiya pilotsuz aparatları və qırıcıları tərəfindən pozulması ciddi narahatlıq yaradıb. Bloomberg agentliyinin araşdırmasına görə, Avropa ölkələri müdafiə sənayesini gücləndirmək üçün əlavə sərmayə yatırmaq niyyətindədir, lakin burada bank məhdudiyyətləri ciddi maneə yaradır. Avropa bankları müdafiə sənayesinə sərmayə qoyuluşuna məhdudiyyətlər tətbiq edib. ABŞ-da isə belə baryer yoxdur. Məsələn, Rusiya-Ukrayna müharibəsi başlayandan bu yana ABŞ bankları vasitəsilə müdafiə sənayesinə, xüsusilə pilotsuz uçuş aparatları və yeni texnoloji silahların hazırlanmasına 28 milyard dollardan artıq investisiya yatırılıb”.
Günel Elxan