

“Əfqanıstan və Pakistan arasında baş verən qarşıdurmanın kökləri bir qədər dərindir. Burada əsas məsələ Talibanın vaxtilə Pakistanda göstərdiyi fəaliyyət və hazırda Əfqanıstanda hakimiyyətə gəlməsi fonunda həmin fəaliyyəti gücləndirməsidir. Məlum olduğu kimi, Talibanın əsasən 2 qolu fəaliyyət göstərirdi. Təbii ki, ən güclü qol Əfqanıstanda fəaliyyət göstərirdi”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.
Siyasi şərhçinin bildirdiyinə görə, eyni zamanda, Pakistanda da Taliban var idi və ona rəhbər Beytullah Məsudun dövründə Pakistan Talibanı çox güclənmişdi: “Hətta vəziyyət o həddə gəlib çatmışdı ki, Pakistan Talibanı ölkədəki siyasi hadisələrə müdaxilə edirdi. Məsələn, Pakistanın baş naziri 2007-ci ildə sui-qəsdə qurban gedən Bənazir Bhuttonun öldürülməsinin təşəbbüskarı məhz Taliban Pakistanı olmuşdu, yəni Beytullah Məsud həmin dövrdə bu hadisələri Taliban Pakistanının adına üstlənmişdi”.
O qeyd edib ki, burada xarici amillər də rol oynayır: “Pakistanın son zamanlarda Yaxın Şərqdəki aktiv fəaliyyəti, xüsusilə də Səudiyyə Ərəbistanı ilə bağladığı müdafiə müqaviləsi bu məsələlərdə müəyyən dərəcədə gərginliyin artırılmasına xidmət edəcək hadisələrdir. İran Prezidentinin Pakistan və Əfqanıstan arasında baş verən son hadisələrin - islam ölkələri arasında ixtilaf və münaqişələrin xalqın iradəsinin təzahürü yox, islam düşmənləri və sionistlərin təxribat və intriqalarının nəticəsi olduğunu deməsində söhbət İsraildən gedir. İsrail tərəflərin arasında gərginliyə səbəb olub. Buna isə ideoloji savaşın tərkib hissəsi kimi baxa bilərik. Tehranla Təl-Əviv arasında isti savaş olmasa da soyuq savaş hazırda da davam edir. Yəni İran Prezidentinin ittihamlarına bir az da bu yöndə baxa bilərik”.
Röya İsrafilova