Rusiyada azərbaycanlıları təhlükə gözləyir Dünya

Rusiyada azərbaycanlıları təhlükə gözləyir

Soydaşlarımızın deportasiyası prosesinə başlanılıb

Cavid

Rusiyada miqrasiya siyasətinin başqa formada tətbiqi yenidən miqrantlar üçün başağrısına çevrilib. Putin hakimiyyəti vaxtaşırı bu məsələdən təzyiq kimi istifadə edərək miqrantlara, qafqazlılara qarşı qarşı hücuma keçir.
Dünən belə bir məlumat yayılıb ki, Rusiyaya işləməyə gedən azərbaycanlılar ciddi problemlə üzləşib. Yerli mətbuatın verdiyi xəbərə görə, bu ölkədə yaşayan soydaşlarımız müxtəlif yollarla sıxışdırılır.
Moskvada çalışan soydaşımız Teymur Hüseynovun sözlərinə görə, azərbaycanlılar viza məsələsi ilə əlaqədar vətənə gəlib qayıtdıqdan sonra onları Rusiyaya buraxmırlar. Səbəb kimi onların guya Rusiyadan deportasiya edildiyini bildirirlər. Artıq bu prosses kütləvi hal alıb.
Soydaşlarımız uzun illər Rusiyada qurduqları işlərini bir anda itirirlər. Rusiya rəsmiləri soydaşlarımıza qarşı bu cür davranmasına hər hansı bir izah vermir. Ehtimallara görə, Rusiyanın məqsədi ölkədən azərbaycanlıları çıxardıb, yerinə Ukraynada yaşayan rusları yerləşdirməkdir.
Rusiyada azərbaycanlılara qarşı belə bir mövqeyin sərgilənməsi bu günün mövzusu deyil. Zaman-zaman Rusiya hakimiyyəti miqrantların deportasiya məsələsini ortaya atmaqla onların təmsil olunduqları dövlətlərə təzyiq göstərib.
Ötən ilin sonlarında da soydaşlarımız Rusiyanın Sərhəd Xidməti tərəfindən sıxışdırılıb. Belə ki, Sərhəd Xidməti bu ölkədən çıxan əksər soydaşlarımızın pasportlarına geri qayıtmalarını əngəlləyən möhür vurub. Bu barədə əmrin ölkə rəhbərliyi səviyyəsində verildiyi bildirilib. Bununla da Rusiyada çalışan azərbaycanlılara qarşı dövlət səviyyəsində təqib siyasəti davam etdirilib. Rusiya cəmiyyətində miqrantlara, xüsusən də azərbaycanlılara qarşı aqressiya var. Əhalinin böyük əksəriyyəti gəlmələrə kin bəsləyir, onların ölkədən qovulmasının tərəfdarıdır. Belə bir proses indi də davam etdirilir.
Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev baş verənləri orada aparılan miqrasiya siyasətinin davamı kimi qiymətləndirib. Ekspertin sözlərinə görə, o adamların pasportlarına möhür vurulur ki, onlar nə vaxtsa Rusiyada qanunsuz yaşayıblar: "Yəni, bu, kütləvi hal deyil. Rusiya müvəqqəti olaraq orada yaşayan insanların yenidən ölkəyə qayıtmasına icazə vermir. Təəssüf ki, Rusiya bununla insan hüquq və azadlıqlarını kobud surətdə pozur. Çünki ölkədən insanların kütləvi şəkildə deportasiyası, əslində, cəzadır. Bu, vətəndaşların özünə xəbərdarlıq edilmədən həyata keçirilən cəzadır".
Ekspert hesab edir ki, Azərbaycan hökuməti bu məsələyə mütləq münasibət bildirməlidir. Çünki vətəndaşların xəbəri olmadan onların hansısa cəzaya məruz qalması yolverilməzdir. Ə.Əliyevin sözlərinə görə, deportasiya inzibati məsuliyyətdir. Bu, şəxsin özünün xəbəri olmadan ölkədən çıxarılması barədə qərarın qəbuludur. Qeyd edək ki, belə bir qərarın verilməsi Azərbaycanda məhkəmələrin səlahiyyətinə aid olan məsələdir.
Ekspert onu da qeyd edib ki, vətəndaşların ölkədən çıxarılması barədə qərarlar bir qayda olaraq, məhkəmələr tərəfindən qəbul olunmalıdır: "Təəssüf ki, sərhəd qoşunları insanların keçmişinə kompüterdə baxıb kiminsə ölkədə qanunsuz qaldığını müəyyən edərək, onların yenidən Rusiyaya qayıtmasına qadağa qoyur".
Ə.Əliyev onu da bildirib ki, Rusiyadan deportasiya olunan azərbaycanlıların qeydiyyatının ölkəmizdə aparılması mümkün deyil. Çünki həmin şəxslərin deportasiya olunduğu və ya öz istəyilə gəldiyini müəyyənləşdirmək mümkün deyil: "Deportasiya olunanlar da bir qayda olaraq, bunu demək istəmir. Normal prosessual qanunvericiliyə uyğun olaraq, Rusiyada yaşayan azərbaycanlılar ölkədən çıxarılmır. Onlar ölkədən qanunsuz əsaslarla çıxarılırlar. Bu kimi halların artması davam edir və Rusiya ərazisində belə insanların dəqiqləşdirilmiş siyahısı mövcud deyil".
Ekspert onu da qeyd edib ki, Rusiyada yalnız məhkəmə qərarıyla çıxarılmış şəxslərlə bağlı ümumiləşdirmələr aparmaq, statistik rəqəmlər əldə etmək mümkündür. Yəni, Rusiyanın dövlət büdcəsi hesabına, orada haqqında məcburi qərar çıxarılmış şəxslərin dəqiqləşdirilmiş sayı var: "Onların neçəsinin azərbaycanlı olduğunu Rusiya tərəfi deməlidir. Amma bunu da bir qayda olaraq demirlər. Bu mənada, bizdə də Rusiyadan çıxarılan azərbaycanlıların dəqiqləşdirilmiş siyahısı yoxdur".
Qeyd edək ki, Moskvada 2 milyondan çox azərbaycanlı yaşayır. Onların da əksəriyyəti Rusiya vətəndaşlığı olan azərbaycanlılardır. Moskvada və Rusiyanın digər regionunda yaşayan azərbaycanlıların bu ölkədən çıxarılması bir sıra problemlərə yol açacağı proqnozlaşdırılır.
"Moskvada yaşayan azərbaycanlıların bu şəhərdən çıxarılması həm gözlənilən, həm də gözlənilməyən bir hadisədir" deyən politoloq Qabil Hüseynlinin sözlərinə görə bu yaxınlarda Rusiyada işləmək üçün rus dilini yüksək səviyyədə bilinməsi və bu dildə imtahan götürülməsi haqqında parlamentdə qərar çıxarılması da məhz miqrasiya prosesləri qarşısına xətt çəkilməsi məqsədi daşıyır. Bu qərar əsas da azərbaycanlılara qarşı çevrilib. Digər tərəfdən Moskva şəhərinin meri çoxdan çıxardığı "Moskvada bazarların azaldılması haqqında" qanunu icra eləməyə başlayıb. Üstəlik də küçə ticarətinin yığışdırılması haqqında sərəncam verib. Belə yerlərdə də çalışanların böyük əksəriyyətini azərbaycanlılar təşkil edir. Yəni ki, Moskvadan azərbaycanlıları çıxarmazdan əvvəl onları iş yerlərindən məhrum edirlər. Təbii ki, işi olmayanları da qeydiyyatdan çıxaracaqlar. Qeydiyyatdan çıxardıqdan dərhal sonra Rusiyadan deportasiya edəcəklər. Rusiyada yaşayan azərbaycanlıların bu ölkədən çıxarılması prosesi hələ ki, Moskvadan başlayıb. Moskvadan çıxarılacaq azərbaycanlılar ya üçüncü ölkəyə (Ukrayna, Moldova, Belorus), ya Rusiyanın daxili regionlarına və Azərbaycana qayıdacaqlar. Rusiyada yaşayan azərbaycanlıların Rusiyadan çıxarılması rus hakimiyyətininin ana xəttidir".
Rəsmi statistikaya görə, ötən il Rusiyadan qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 215 min mühacir deportasiya olunub. Rusiya Federal Miqrasiya Xidməti ölkədən çıxarılan miqrantların sayının artımasını bu sahəyə dair qanunvericliyin sərtləşdirilməsi ilə əsaslandırır. Xidmətin rəisi Konstantin Romodanovski bildirib ki, yeni qanunvercilik tətbiq edildikdən sonra Rusiyaya yaşamaq və işləməyə gələn miqrantların sayında kəskin azalma baş verib. Əvəzində bu ölkədə fəaliyyətini qanuniləşdirən əmək mühacirlərinin sayı artıb. Tətbiq olunan qanun dövlətə əlavə gəlir də gətirib. Romodanovski təkcə 2013-cü ildə xarici ölkə vətəndaşlarına əmək fəaliyyəti üçün lisenziya verilməsindən yarım milyard dollar gəlir əldə edildiyini açıqlayıb.
Qeyd edək ki, rəsmi statistika açıqlanmasa da, bu il Rusiyadan deportasiya edilən əmək mühacirləri arasında azərbaycanlıların da sayı kifayət qədərdir. Moskva və ətraf rayonların bazarlarında, topdansatış mərkəzlərində keçirilən reydlər nəticəsində Rusiyada qeydiyyatı olmayan və işləmək üçün lisenziya almayan xeyli sayda azərbaycanlı aşkarlanıb və onlar Azərbaycana deportasiya olunublar.
Yeri gəlmişkən, Rusiya mətbuatının verdiyi məlumata görə qanunuz miqrant statusu alan və Rusiya sərhədlərindən kənarlaşdırılan şəxslərin yenidən Rusiyaya qayıtmaları üçün amnistiya verilməyəcək. Bu barədə Rusiyanın Federal Miqrasiya Xidmətindən açıqlama veriblər. Açıqlamda qanunsuz miqrantlar yenidən Rusiyaya qayıtmaları üçün Amnistiya haqqında qanunun 2025-ci ilə qədər qəbul edilməyəcəyi bildirilib.
Qeyd edək ki, qanunsuz fəaliyyət göstərən miqratların yenidən Rusiyaya qayıtması üçün müəyyənləşdirilən vaxt müddəti 5 il təyin edilib: "Miqrasiya Xidməti qanunsuz miqrantlar üçün amnitsiya haqqında qanunu 2025-ci ilə qədər qəbul etməyi fikiləşmir".
Rusiya Federal Miqrasiya Xidmətinin (FMX) rəhbəri Romandovski Dövlət Dumasında çıxışı zamanı bildirib ki, 2014-cü ilin son beş ayı ərzində MDB ölkələri vətəndaşları olan 27 min şəxs Rusiya vətəndaşlığı alıb. Onun sözlərinə görə, Rusiyada qəbul olunmuş soydaşların köçürülmə proqramı əsasında bütövlükdə indiyə qədər 190 min şəxsə Rusiya pasportu verilib. FMX rəhbərinin sözlərinə görə, şübhəli miqrantlar elə sərhəddcə geri qaytarılır.
"Bu gün üçün 800 min əcnəbinin Rusiayaya girişi qadağan edilib" - deyə FMX rəhbəri bildirib. Romandovdski qeyd edib ki, 2015-ci ilin yanvarından etibarən xarici pasportu olmayan MDB ölkə vətəndaşlarının Rusiyaya girişi qadağan olunacaq.