“ABŞ-nin bu bölgələri Rusiyanın hissəsi kimi tanıması real diplomatik xəttə uyğun gəlmir” Dünya

“ABŞ-nin bu bölgələri Rusiyanın hissəsi kimi tanıması real diplomatik xəttə uyğun gəlmir”

Qeyd edilir ki, Rusiya və ABŞ tərəfindən təklif olunan sülh sazişinin yeni versiyası çərçivəsində Zaporojye və Xerson istiqamətindəki cəbhə xətti dondurulacaq. Amma bəzi ərazilər Rusiya tərəfindən Ukraynaya qaytarılacaq. Həmçinin ABŞ Krım və Donbası rəsmi şəkildə Rusiyanın bir hissəsi kimi tanıyacaq.

Məsələyə münasibətini bildirən politoloq Tural İsmayılov xalqcebhesi.az-a açıqlamasında bildirib ki, bu iddialar əslində müharibənin siyasi mərhələyə keçidində “böyük güclərin razılaşması” kimi təqdim edilsə də, reallıq çox daha mürəkkəbdir: “Ukraynanın razılaşacağı hər hansı saziş ərazi bütövlüyü prinsipinə uyğun olmalıdır və Zelenski administrasiyası açıq şəkildə bəyan edib ki, Krım və Donbasın tanınması qəbuledilməzdir. ABŞ-nin bu bölgələri Rusiyanın hissəsi kimi tanıması real diplomatik xəttə uyğun gəlmir. Çünki Vaşinqton hər zaman beynəlxalq hüquqa əsaslanıb və belə tanınma NATO-nun vahid mövqeyini dağıda bilər”.

T.İsmayılovun qeyd etdiyinə görə, Zaporojye və Xerson istiqamətində cəbhənin dondurulması Ukrayna üçün taktiki fasilə yarada bilər, amma bu, yalnız gələcəkdə daha güclü əks-hücum imkanı formalaşdırdığı halda məntiqlidir: “Rusiya işğal etdiyi ərazilərin bir hissəsini qaytarmağa razı olarsa, bu, Moskvanın resurs tükənməsinin və strateji defisitinin açıq etirafı deməkdir. Kiyev üçün əsas məsələ müharibənin nəticəsini müvəqqəti razılaşma ilə deyil, uzunmüddətli təhlükəsizlik zəmanətləri ilə bağlamaqdır. ABŞ və Qərbin Ukraynaya yardımını davam etdirməsi fonunda bu cür sazişin Ukraynaya təzyiq vasitəsi kimi təqdim edilməsi doğru yanaşma deyil. Ukrayna cəmiyyətində də belə güzəştlərə siyasi və sosial legitimlik yoxdur və hökumət bu xətti pozsa, ciddi daxili böhran yarana bilər. Krımın və Donbasın tanınması həm də beynəlxalq presedent kimi təhlükəlidir. Çünki sərhədlərin güc yolu ilə dəyişdirilməsini legitimləşdirər. Bu baxımdan Kiyevin mövqeyi həm özünün, həm də beynəlxalq sistemin təhlükəsizliyi üçün rasionaldır”.

O həmçinin deyib ki, bu müharibədə Ukraynanın əsas üstünlüyü siyasi iradə və beynəlxalq dəstəklə bağlıdır və Kiyev bunu könüllü güzəştlərlə riskə atmamalıdır: “Əgər sülh sazişi olacaqsa, o zaman Ukraynanın suverenliyini gücləndirən, Moskvanın revanşist strategiyasını məhdudlaşdıran formatda olmalıdır. Regional sabitlik ancaq işğal faktının aradan qaldırılması və beynəlxalq hüququn bərpası ilə mümkündür. Ona görə də bu cür “gizli razılaşma versiyaları” daha çox informasiya müharibəsinin elementidir, nəinki real diplomatik trayektoriya”.

Röya İsrafilova