Səfir: Rumıniyada imzalanacaq saziş Orta Dəhlizin əhəmiyyətini artıracaq Dünya

Səfir: Rumıniyada imzalanacaq saziş Orta Dəhlizin əhəmiyyətini artıracaq

Konstansada imzalanacaq saziş Orta Dəhlizin əhəmiyyətini artıracaq.

APA xəbər verir ki, bunu Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare Bakıda Rumıniyanın milli bayramı münasibətilə bağlı qəbulda deyib.

“34 il ərzində Rumıniya–Azərbaycan əməkdaşlığı bir çox sahələrdə, o cümlədən siyasi-diplomatik, iqtisadi, enerji, nəqliyyat və kommunikasiya, mədəniyyət və təhsil sahələrində, həm də iki cəmiyyət və xalqlar səviyyəsində nəzərəçarpacaq dərəcədə inkişaf edib. Nəqliyyat və kommunikasiya sahəsində Rumıniya–Gürcüstan–Azərbaycan–Türkmənistan arasında Qara dəniz–Xəzər dənizi Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılması ilə bağlı Hökumətlərarası Sazişin tezliklə Konstansada imzalanması şübhəsiz ki, Orta Dəhlizin əhəmiyyətinin artmasına, eləcə də Bakı və Konstansa limanlarının Avropa ilə Qafqaz və Orta Asiya arasında birbaşa bağlantını təmin edə biləcək nəqliyyat mərkəzləri kimi xəritəyə daxil edilməsinə töhfə verəcək”, - səfir qeyd edib.

Diplomat Azərbaycanla Rumıniya arasında əməkdaşlığın gücləndiyini bildirib və ölkəmizin beynəlxalq nüfuzunun artdığını qeyd edib: “Rumıniya Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizlik mühitinin əldə edilməsinə yönəlmiş səylərində Azərbaycanın dostu və vicdanlı tərəfdarı olub və olmağa davam edir. Azərbaycan Respublikası bu gün həm öz daxili dinamikası, həm də beynəlxalq səviyyədə potensialı ilə iddialı hədəflərə sahib bir dövlət kimi özünü təsdiqləməkdədir və bu fürsətdən istifadə edərək səmimi təbriklərimizi çatdırıram”.