Ukraynada müharibə dövründə seçkilərlə bağlı yeni qanun hazırlanır Dünya

Ukraynada müharibə dövründə seçkilərlə bağlı yeni qanun hazırlanır

Ukrayna hakimiyyəti hərbi vəziyyət şəraitində seçkilərin keçirilməsinə imkan verəcək qanun layihəsi üzərində işləyir.

Bu barədə “RBC-Ukraina” ölkə hakimiyyətindəki bir neçə mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, Prezident Volodimir Zelenski müharibə dövründə seçkilərin keçirilməsi imkanlarını nəzərdə tutan qanun layihəsinin hazırlanması ilə bağlı tapşırıq verib. Artıq ötən həftə Prezident Administrasiyasında seçki prosesi ilə bağlı işçi görüş keçirilib və təhlükəsizliklə əlaqədar bütün riskləri əhatə etməyə çalışan qanun layihəsinin hazırlanmasına başlanılıb.

Qeyd olunur ki, nəzərdə tutulan yeniliklər arasında çoxgünlük səsvermə mexanizmi də var. Eyni zamanda, seçkilərin növbədənkənar prezident seçkilərində olduğu kimi, 60 gün ərzində keçirilməsi planlaşdırılır.

“RBC-Ukraina” yazır ki, bu təşəbbüs seçkilərin dərhal keçirilməsi planları ilə deyil, daha çox ABŞ Prezidenti Donald Trampın Ukraynada uzun müddətdir seçkilərin keçirilməməsi ilə bağlı səsləndirdiyi fikirlərə cavab xarakteri daşıyır. Yəni Kiyev bununla “seçkilər yoxdur” tənqidlərinə cavab olaraq, seçkilərə hazır olduğunu nümayiş etdirməyə çalışır.

Jurnalistlərin fikrincə, Ukrayna bu addımla məsuliyyəti qismən ABŞ tərəfinin üzərinə keçirir. Belə ki, seçkilərin keçirilməsi üçün ən azı hərbi fəallığın ciddi şəkildə azalması tələb olunur. Bu isə Vaşinqtonun Moskvadan Ukrayna şəhərlərinin atəşə tutulmasını və bombalanmasını dayandırmağı tələb etməsini zəruri edir.