12:22
686
Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp gecə Nigeriyanın şimal-qərbində İŞİD elementlərinə qarşı "güclü və ölümcül" hava hücumu həyata keçirildiyini açıqlayıb. Nigeriya Xarici İşlər Nazirliyi əməliyyatı təsdiqləsə də, Tramp hücum üçün əsas kimi bölgədə xristianların qırğınlarını göstərib.
Xalqcebhesi.az xəbər verir ki, Donald Tramp sosial media platforması Truth-da verdiyi açıqlamada bildirib ki, hücum əmrini Ali Baş Komandan kimi şəxsən özü verib. Tramp bildirib: "Bu gecə mənim göstərişimlə ABŞ Nigeriyanın şimal-qərbində İŞİD terrorçularına qarşı ölümcül hücum təşkil edib. Bu terrorçular əsrlər boyu görünməmiş miqyasda günahsız xristianları vəhşicəsinə hədəfə alıb öldürürdülər. Mən onları əvvəllər də xəbərdar etmişdim; əgər qırğını dayandırmasalar, çox ağır bədəl ödəyəcəklər. Və bu gecə də həmin bədəl ödənilib."
Terrorizmlə mübarizəyə sadiqliyini bir daha vurğulayan Prezident mesajını bu güclü sözlərlə yekunlaşdırdı:
"Ölkəm heç vaxt radikal islamçı terrorizmin böyüməsinə imkan verməyəcək."
"Tanrı ordumuzu qorusun və ölən terrorçular da daxil olmaqla hər kəsin Milad bayramını təbrik etsin. Əgər onlar xristianları qırmağa davam etsələr, ölənlərin sayı daha çox olacaq."
Nigeriya hökuməti ABŞ-ın bu addımını təsdiqləyən rəsmi açıqlama yayıb. Xarici İşlər Nazirliyi beynəlxalq tərəfdaşlarla təhlükəsizlik sahəsində əməkdaşlığın davam etdiyini bildirib və əlavə edib: "Nigeriya hakimiyyəti terrorizm və ekstremizm təhlükəsi ilə mübarizə aparmaq üçün ABŞ da daxil olmaqla beynəlxalq tərəfdaşlarla struktur əməkdaşlığa sadiqdir. Bu əməkdaşlığın bir hissəsi olaraq, ölkənin şimal-qərbindəki terror hədəflərinə qarşı dəqiq hava hücumları həyata keçirilib."
Məryəm Quliyeva