Fransa mətbuatı BTQ-dən yazdı Dünya

Fransa mətbuatı BTQ-dən yazdı

Bakı-Tbilisi-Qars dəmir yolu ilə Asiya Avropaya bir qədər də yaxınlaşır

Ötən bazar ertəsi Azərbaycan paytaxtında açılışı keçirilən 846 kilometrlik dəmir yolu "Köhnə qitə" ilə Uzaq Şərq arasında yüklərin daha az vaxtda daşınmasına imkan verəcək.
Azərbaycan, Gürcüstan və Türkiyə arasında yük daşınması üçün açılan yeni dəmir yolu xətti ilə gələn ildən etibarən sərnişin qatarları da hərəkət edəcək. Xüsusilə Bakı ilə İstanbul arasında gecə qatarı olacaq.
"l’Opinion" (Fransa) ertəsi Bakı-Tbilisi-Qars dəmir yolunun reallaşmasından yazıb.
Yazıda bildirilir: Görünən odur ki, 2016-cı ilin Fransanın dəmir yolu nəqliyyatı üçün "qara il" kimi yadda qaldığı, ölkənin dəmir yolu şəbəkəsinin pis vəziyyətdə olduğu bir vaxtda digər ölkələr dəmir yolunun perspektivli sahə, inkişafa təkan verən əsas qüvvə olduğunu anlayır. Hər halda, ötən bazar ertəsi Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı bunun bariz nümunəsidir. 846 kilometrlik yeni qovşaq Çin sədri Si Cinpin tərəfindən 2013-cü ildə irəli sürülmüş "Bir kəmər - bir yol" təşəbbüsünün reallaşmasında strateji rol oynayacaq.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, Gürcüstan, Özbəkistan, Qazaxıstan baş nazirlərinin, Tacikistanın və Türkmənistanın nəqliyyat nazirlərinin iştirakı ilə keçirilmiş açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev Bakı-Tbilisi-Qarsın Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olduğunu bəyan edib.
Bu yol vasitəsilə ilkin mərhələdə ildə 5 milyon, sonra isə 17 milyon ton yükün daşınması nəzərdə tutulur.
Azərbaycanın dövlət başçısı bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı tarixi və strateji əhəmiyyətə malikdir. Bu yol Rusiya və İrandan keçən mövcud yollara alternativ olacaq. Bununla yanaşı, Azərbaycanın coğrafi mövqeyi ona Rusiya ilə İran arasında Şimal-Cənub əlaqələrini gücləndirməyi nəzərdən keçirmək imkanı da verir. Bu ilin yazında Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu infrastrukturunun yaradılması Azərbaycan rəhbərliyinin indiyədək neftdən asılı olan iqtisadiyyatın davamlı inkişafını təmin etmək üçün dəmir yolu şəbəkəsinin genişləndirilməsinə verdiyi əhəmiyyəti göstərir.
Bakı-Tbilisi-Qars yolunun istismara verilməsi üçün göstərilən səylər dəmir yolu nəqliyyatının gələcəkdə iqtisadi və strateji məsələlərdə oynayacağı roldan xəbərdar olan müxtəlif tərəfdaşların qətiyyətini nümayiş etdirir. Əslində, bu dəmir yolunun tikintisi 2010-cu ildə başa çatdırılmalı idi. Lakin texniki və siyasi çətinliklər, xüsusilə Ermənistanı bu layihəyə daxil etməyən promouterləri günahlandıran ABŞ və Avropa İttifaqı (Aİ) tərəfindən maliyyə dəstəyinin olmaması səbəbindən layihənin reallaşması gecikib. Bakı ilə Yerevan arasında Dağlıq Qarabağla bağlı davam edən gərginlik Ermənistanın bu layihədən kənarda qalmasının əsas səbəbidir. Dəmir yolunun tikintisinə xərclənmiş 1 milyard dolların böyük hissəsinisə Azərbaycan Dövlət Neft Fondu ödəyib.
Rəsmi açılış mərasiminin paytaxtdan bir neçə kilometr aralıda yerləşən Ələtdəki yeni Bakı Limanında keçirilməsi heç də təsadüf deyil. Azərbaycan hökuməti buranı beynəlxalq qovşağa çevirmək niyyətindədir. Xarici şirkətləri burada anbarlar tikməyə, xüsusilə Uzaq Şərqdən gətirilən materiallar əsasında işləyəcək istehsalat sahələrinin yaradılmasına cəlb etmək üçün limanda lazımi infrastrukturun, xidmətlərin yaradılmasına böyük sərmayələr yatırılıb. Burada istehsal olunacaq hazır məhsul Avropaya göndəriləcək. Yeni limanın baş direktoru Taleh Ziyadov, xüsusilə 2018-ci ildə istifadəyə veriləcək Ələt Azad Ticarət Zonası sayəsində buranın daha perspektivli olacağına inanır.
Bakı-Tbilisi-Qars marşrutu üzrə yola çıxan ilk qatar Qazaxıstanın şimal-qərbindən yola düşüb. 2850 kilometr məsafə qət edən qatar bərə vasitəsilə Xəzər dənizilə Ələtə gəlib. Səyahətin davamı onu buradan 2 min kilometr məsafəyə – Türkiyənin cənubunda yerləşən Mersin şəhərinə aparacaq.
Aİ-nin bazar ertəsi verdiyi bəyanatda bildirilir ki, Bakı-Tbilisi-Qars dəmir yolu Aİ, Türkiyə, Gürcüstan, Azərbaycan və Mərkəzi Asiyanı birləşdirən nəqliyyat sistemi bağlantıları sahəsində atılan böyük addımdır. Lakin bu dəmir yolu dəhlizi vasitəsilə Çin mallarının 12-15 gün ərzində "Köhnə qitə"yə daşınması üçün bütün müvafiq ölkələr müştəriləri cəlb edə biləcək tarif təklifləri hazırlamalı, inzibati sadələşdirmələr tətbiq etməlidir.
Azərbaycanla tərəfdaşlarının məqsədlərini, iddialarını nəzərə alsaq, bu istiqamətdə tezliklə lazıni tədbirlərin görüləcəyini gözləmək olar. Asiya ilə Avropa arasında yeni dəmir yolu infrastrukturunun inkişaf etdirilməsi bizə deməyə imkan verir ki, zəncirin o biri başında, xüsusilə Fransada bu "hədiyyə"dən yararlanmaq mümkündür. Lakin bunun üçün dəmir yolu şəbəkəsinin konvoyları qəbul etmək iqtidarında olması lazımdır ki, hazırda bu, mümkünsüz görünür. Bir çox ölkələrin dəmir yolunun yenidən iqtisadi artımın, beynəlxalq ticarətin inkişaf vektoruna çevrildiyini başa düşdüyü bir vaxtda bu prosesdən kənarda qalmaq təəssüf doğurar.