“Türkiyə daha da güclənəcək” Dünya

“Türkiyə daha da güclənəcək”

Türkiyədə Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyası "Terrorsuz Türkiyə" adlı hesabatı qəbul edib.

“Terrorsuz Türkiyə” prosesi və sözügedən hesabatın qəbul edilməsi ilə bağlı xalqcebhesi.az-a məlumat verən AĞ Partiya başqanının müavini, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, qardaş ölkədə ən nəhayət terrorun kökü kəsilə bilər: “Bu da olduqca sevindirici xəbərdir. Türkiyə uzun illər terrordan ən çox əziyyət çəkən ölkələrdən biri oldu, daxildən ciddi zərbələr aldı. Hətta uzun zaman inkişafını ləngidən faktorlardan biri də PKK oldu”.

O deyib ki, hazırda Türkiyənin ərazi bütövlüyünün təmini və daxili təhlükəsizliyi çox vacibdir: “Buna nail olmaq üçün də, təbii ki, öncəliklə daxildəki terrorçuları tamamilə zərərsizləşdirmək lazımdır. Nə qədər qəribə görünsə də, Türk-Kürd qardaşlığına xüsusi vurğu edilməsi gələcəyə yönəlik bir addımdır. Qardaş ölkədə milyonlarla kürd yaşayır. Bir terror təşkilatına yaxud kürd separatçılarına görə milyonlara “çəp gözlə baxmaq” dövlətin də fəlakəti olar. Bütün bunlardan çıxış etsək, hesab edirəm ki, yerində atılmış ən doğru addımdır. Nəticə olacaqmı? Bəli, olacaq. Çünki artıq separatçılar da tükəniblər, əvvəlki gücdə deyillər. Xaricdən dəstəkləri də xeyli azalıb”.

Siyasi şərhçi əlavə edib ki, PKK üzvləri barədə ayrıca qanunun qəbul edilməsi təklifinin özü də müsbətdir: “Böyük ehtimalla onlara ciddi güzəştlər nəzərdə tutulacaq ki, bu da vacibdir. Barışmaq istəyirsənsə, barış əlini daim uzatmalısan. Bu deyilənlər həyata keçirilərsə, Türkiyə daha da güclənəcək, daxildə də sınmaz bir birlik formalaşacaq. Bizə sadəcə bunun reallaşması üçün arzular söyləmək qalır”.

Röya İsrafilova