Qərb Türkiyədən niyə bu qədər ehtiyat edir? Dünya

Qərb Türkiyədən niyə bu qədər ehtiyat edir?

Yeganə məqsəd Türkiyəni zəiflətmək, qardaş ölkəyə yeni problemlər yaratmaqdır.
Bu sözləri son zamanlar Türkiyə ilə ABŞ arasında silahla bağlı yaşanan gərginlik haqda danışan politoloq Rufiz Qonaqov qeyd edib. Politoloq bildirib ki, Qərbin Türkiyəyə qarşı hansısa silah məsələsini ortaya ataraq bəhanə axtarması çox absurddur:
"Yeganə məqsəd Türkiyəni zəiflətmək, qardaş ölkəyə yeni problemlər yaratmaqdır. Xüsusilə də Türkiyə və Rusiyanın yaxınlaşması və bunun hər iki dövlətin maraqlarına cavab verməsi bəzi dairələri ciddi narahat edir. Bu gün Rusiya Türkiyə, Türkiyə isə Rusiya vasitəsilə böyük turizm, ticari və iqtisadi əlaqələrə malikdir. Türkiyə heç bir beynəlxalq təşkilat qarşısında öhdəlik götürməyib ki, hansısa ölkə ilə iqtisadi və siyasi əlaqələri genişləndirməsin. Əgər bu, Türkiyənin maraqlarına uyğundursa, edəcək. Türkiyənin Ərdoğana qədərki tarixinə nəzər yetirsək, beynəlxalq təşkilatlar və digər ölkələr bu ölkəyə qarşı həmişə istədikləri siyasəti yürüdüblər. Ərdoğan yalnız Türkiyənin maraqlarına cavab verən addımlar atır. Bu gün Türkiyənin iqtisadiyyatı güclənir. Ona görə də Türkiyə üçün silahın Rusiyadan və ya NATO-dan alınmasının heç bir fərqi yoxdur. Əgər Türkiyəyə özünü müdafiə etmək üçün silah verilmirsə, o zaman qardaş ölkənin onu başqa ölkədən alması çox normal bir addımdır. Hesab edirəm ki, son zamanlar Türkiyəyə qarşı addımlar sadəcə bəhanələrdir. Aydın məsələdir ki, Qərb və ABŞ Türkiyənin güclənməsini istəmir. Demək, Türkiyənin gücündən və nüfuzundan qorxurlar".
Politoloq İlqar Vəlizadənin sözlərinə görə isə Türkiyə və Rusiya silah istehsalçıları arasında birbaşa əməkdaşlıq olmadığından hələ ki sanksiyalar Ankara üçün böyük təhlükə kəsb etmir:
"Silah alışı ilə silah əməkdaşlığı tamamilə fərqli anlayışlardır. Məsələn, Türkiyə Rusiyadan S-400 zenit raket kompleksləri alsa da, bu ölkə ilə birbaşa silah əməkdaşlığı yoxdur. O üzdən hazırda bu məsələ Türkiyəni narahat etmir".
Buna baxmayaraq, politoloq Türkiyə ilə yanaşı, Rusiyadan silah alan digər ölkələrin seçim qarşısında qala biləcəklərini istisna etməyib:
"Çox güman ki, Türkiyə və digər bir sıra ölkələr öz yanaşmalarında seçim etməli olacaqlar. Əgər Rusiya ilə ticarət mübadiləsi, yaxud da bu istiqamətdə iqtisadi əlaqələr qurmaq Türkiyəyə sərf edəcəksə və gəlirlər itkiləri üstələyəcəksə, onda Ankara Moskva ilə əməkdaşlığa davam edəcək. Əks təqdirdə, yəni biznes, kommersiya prinsipləri Türkiyənin xeyrinə olmazsa, Ankaranın bu əməkdaşlıqdan vaz keçmə ehtimalı böyükdür".
Qeyd edək ki, ABŞ-ın Rusiya müdafiə sənayesinə qarşı tətbiq etdiyi sanksiyalara Rusiyanın 33 şirkəti daxil edilib. Bu şirkətlərlə iri sövdələşmələrə gedən başqa ölkələr və qurumların da sanksiyaların təsirinə məruz qalacağı qanunda əksini tapıb.
Türkiyə isə bu il Rusiyadan S-400 zenit raket kompleksinin təchizatı ilə bağlı 2 milyard dollar dəyərində müqavilə imzalayıb.
Qeyd edək ki, ABŞ Rusiyadan S-400 raket kompleksini aldığına görə Türkiyəyə F-15 təyyarələrini satmaqdan imtina edib.