ABŞ, İsrail və İran arasında müharibə nə vaxt bitəcək? - EKSPERT RƏYLƏRİ Dünya

ABŞ, İsrail və İran arasında müharibə nə vaxt bitəcək? - EKSPERT RƏYLƏRİ

ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi son hərbi əməliyyatlar Yaxın Şərqdə geosiyasi gərginliyi kəskin artırıb. Vaşinqton və Tel-Əviv rəsmi açıqlamalarında hücumların İranın hərbi infrastrukturuna və regional təhlükəsizliyə təhdid yaradan obyektlərə yönəldiyini bildirir. Tehran isə bunu suverenliyinə təhdid kimi qiymətləndirərək, cavab tədbirləri görür. Bölgədə hava məkanının bağlanması, enerji bazarlarında qiymət artımı və diplomatik kanallarda intensiv məsləhətləşmələr müşahidə olunur. BMT və Avropa İttifaqı tərəfləri təmkinli olmağa çağırsa da, qarşılıqlı ittihamlar davam edir. Analitiklər münaqişənin arealının daha da genişlənməsini istisna etmirlər. Regional müttəfiqlər təhlükəsizlik rejimini gücləndirir.

İranın mövqeyi və hüquqi arqumentasiya

Foto: Mohsen Pakayin, İranlı diplomat

İranlı diplomat Mohsen Pakayin APA-ya bildirib ki, İran ABŞ və İsrailin son hücumlarını, o cümlədən Ali Rəhbər Xameneinin qətlə yetirilməsini, Minabda məktəbə endirilən zərbəni “qanunsuz terror aktı” kimi qiymətləndirir:

Buna cavab olaraq Tehran ölkəni məhdudiyyətsiz müdafiə etmək hüququna malik olduğunu bildirir. İrana qarşı davam edən təcavüzün məqsədinin İsrailin Qərbi Asiya regionunda üstünlüyünü təmin etmək olduğu görünür. Liderimizin qətlə yetirilməsi həm də Ayətullah Xameneinin İslam sisteminə rəhbərliyinə son qoymaq və onun, xüsusilə Fələstin xalqı başda olmaqla, məzlum xalqlara dəstək istiqamətində qlobal rolunu zəiflətmək niyyəti daşıyırdı. ABŞ və İsrailin hücumu zamanı Minab şəhərində ibtidai məktəbə endirilən hava zərbəsi nəticəsində 168 məktəbli qızın həlak olduğu bildirilir. Bu hadisə təsdiqlənərsə, beynəlxalq hüququn və humanitar prinsiplərin kobud şəkildə pozulması deməkdir. Ümid edirik ki, beynəlxalq ictimaiyyət bu cinayəti qətiyyətlə pisləyəcək. Bu hücumlar İranla ABŞ arasında danışıqların üçüncü raundu zamanı baş verib”.

İsrail perspektivi və hərbi hədəflər

Михаил Бородкин -

Foto: Mixail Borodkin, İsrailli politoloq

İsrailli politoloq Mixail Borodkin isə bildirib ki, İsrail və ABŞ-ın Hərbi Hava qüvvələri İran ərazisində yerləşən hərbi infrastruktura qarşı əvvəlcədən müəyyən edilmiş strateji plan çərçivəsində sistemli və ardıcıl zərbələr endirməyi davam etdirir: “Zərbələrin hədəfi İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi bazaları, “Bəsic” qərargahları, polis bölmələri və digər obyektlər olub. Bildirilir ki, Küveytdə dost atəşi nəticəsində üç ABŞ təyyarəsi vurulub, lakin pilotlar sağ qalıb. İran hakimiyyəti Ali Liderin və İslam İnqilabı Keşikçiləri Korpusunun bir sıra generallarının, eləcə də digər yüksək vəzifəli şəxslərin həlak olduğunu təsdiqləyib”.

Politoloq qeyd edir ki, İran cavab olaraq İsrailə, Körfəzdəki ərəb ölkələrində yerləşən ABŞ bazalarına, həmçinin Böyük Britaniya müharibədə iştirak etməsə də, Kiprdəki Britaniya bazasına zərbələr endirir: “İranın zərbələri yüksək effektivliyi ilə seçilmir, lakin İran təbliğatı bunu böyük uğur kimi təqdim edir. Təəssüf ki, İran təbliğatının saxta məlumatları, məsələn, Rusiya və Ermənistan mediası tərəfindən fəal şəkildə yayılır”.

ABŞ arqumentasiyası və təhlükəsizlik yanaşması

Foreign professor: Shusha Global Media Forum shows Azerbaijan is a valuable  partner

Foto: Paolo von Şiraç, Amerikalı siyasi şərhçi

Amerikalı siyasi şərhçi Paolo von Şiraç isə APA-ya deyib ki, genişmiqyaslı hərbi əməliyyat ABŞ üçün ilk növbədə milli təhlükəsizlik və regional sabitliyin qorunmasına yönəlmiş addımdır:

“Vaşinqton hesab edir ki, İran nüvə silahı əldə etmək istiqamətində fəaliyyətini davam etdirir və bu, həm ABŞ, həm də onun müttəfiqləri üçün ciddi təhdiddir. Eyni zamanda, Tehran regionda Hizbullah, HAMAS, husilər və digər silahlı qrupları dəstəkləməklə Yaxın Şərqdə qeyri-sabitliyi dərinləşdirir. İran rəhbərliyinin İsrailin məhv edilməsinə dair açıq bəyanatları da Vaşinqton tərəfindən birbaşa təhlükə kimi qəbul olunur. Bu kontekstdə əməliyyatın əsas məqsədi İranın hərbi və nüvə potensialını zəiflətmək, onun regional təsir imkanlarını məhdudlaşdırmaq və çəkindirici balansı bərpa etmək kimi təqdim edilir. Rejim dəyişikliyi məsələsi siyasi müzakirə predmeti olsa da, rəsmi arqumentasiya daha çox təhlükəsizlik risklərinin aradan qaldırılmasına fokuslanır. Münaqişə hələ ilkin mərhələdədir və uzunmüddətli nəticələr barədə qəti hökm vermək tezdir”.

Regional dinamika və eskalasiya riski

Foto: Ali Bakir, Qətər Universitetinin beynəlxalq münasibətlər, təhlükəsizlik və müdafiə üzrə dosenti

Qətər Universitetinin beynəlxalq münasibətlər, təhlükəsizlik və müdafiə üzrə dosenti, politoloq Ali Bakir hesab edir ki, Yaxın Şərqdə vəziyyət sürətlə eskalasiya mərhələsinə daxil olur və proses artıq lokal qarşıdurma çərçivəsini aşaraq daha geniş geosiyasi rəqabət müstəvisinə keçir.

Onun sözlərinə görə, ABŞ və İsrail İrana qarşı strateji təzyiq xəttini davam etdirməkdə qərarlıdır və hesab edir ki, intensiv hərbi basqı daxili siyasi transformasiyaya, hətta hakimiyyət dəyişikliyinə zəmin yarada bilər: “Bunun müqabilində Tehran mövcud hücumlara davamlılıq nümayiş etdirməklə rəqiblərini uzunmüddətli tükəndirmə müharibəsinə cəlb etməyə çalışır”.

Ali Bakir qeyd edir ki, İranın manevr imkanları daraldıqca, rəsmi Tehran beynəlxalq aktorları prosesə cəlb etmək məqsədilə hədəf coğrafiyasını və təsir alətlərini genişləndirə bilər. Eyni zamanda İsrail də daha çox ölkənin açıq şəkildə öz mövqeyini dəstəkləməsinə çalışır. Politoloqun fikrincə, bu dinamika xüsusilə Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətləri artan təhlükəsizlik riski ilə üz-üzə qoyur və onları istəmədən qarşıdurmanın bir hissəsinə çevirə bilər.

Strateji qarşıdurmanın tarixi konteksti

Causeur Editor Gil Mihaely Sits Down with TAC - The American Conservative

Foto: Gil Mihaeli, Fransız siyasi şərhçi

Fransız siyasi şərhçi Gil Mihaeli isə qeyd edib ki, hazırkı mərhələdə ABŞ, İsrail və İran arasında qarşıdurma taktiki hərbi toqquşmadan daha çox, uzun illər ərzində formalaşmış strateji ziddiyyətlərin açıq fazaya keçidi kimi qiymətləndirilməlidir: “Bu münaqişə 1979-cu ildən sonra qurulmuş ideoloji və təhlükəsizlik arxitekturasının məntiqi davamıdır”.

Mihaeli vurğulayıb ki, İranın proksi şəbəkələr, raket proqramı və nüvə ambisiyaları vasitəsilə regional təsirini genişləndirməsi Vaşinqton və Yerusəlim tərəfindən struktur təhlükə kimi qəbul olunur. Şərhçinin fikrincə ABŞ və İsrail hesab edir ki, problemin mənbəyi periferik aktorlar deyil, birbaşa Tehrandır. Onun qənaətincə, mövcud dinamika eskalasiya riskini artırsa da, tərəflər hələlik strateji balansı öz xeyirlərinə dəyişmək üçün məhdud və məqsədli təzyiq siyasəti yürütməyə çalışırlar.

Müharibənin mümkün trayektoriyası

Yaxın Şərqdə baş verən son hərbi eskalasiya regionun təhlükəsizlik arxitekturasını ciddi sınaq qarşısında qoyur. Hadisələrin dinamikası göstərir ki, proses artıq lokal toqquşma çərçivəsini aşaraq, daha geniş geosiyasi rəqabət müstəvisinə keçir. Mövcud mərhələdə əsas sual tərəflərin qarşıdurmanı hansı həddə qədər genişləndirəcəyi və strateji məqsədlərin nə dərəcədə məhdud və ya maksimalist xarakter daşıyacağı ilə bağlıdır.

Mohsen Pakayin qeyd edib ki, müharibənin nəcə davam edəcəyi bir neçə əsas amildən asılı olacaq. Onun sözlərinə görə, əgər tərəflər qarşıdurmanı məhdud hərbi əməliyyatlar çərçivəsində saxlayarsa, proses daha qısa müddətdə intensivliyin azalması ilə nəticələnə bilər: “Baş verənlər artıq münaqişəyə yeni hüquqi və siyasi ölçü qazandırıb. Xarici qüvvələr tərəfindən başqa bir ölkənin liderinə qarşı həyata keçirilən addım beynəlxalq hüququn ciddi şəkildə pozulması kimi qiymətləndirilir və bu, müharibəyə təcavüz xarakteri verərək onun miqyasını genişləndirə bilər”.

O əlavə edib ki, bu şəraitdə İranın özünü legitim müdafiə hüququ çərçivəsində qorumağa çalışacağı gözləniləndir və bütün bunlar qarşıdurmanın daha uzunmüddətli mərhələyə keçməsi riskini artırır.

Eskalasiya və diplomatik perspektiv

America, Iran, Israel, and Lebanon

Hazırkı eskalasiya fonunda hərbi mərhələdən diplomatik danışıqlara keçid yalnız müəyyən siyasi və hərbi şərtlər formalaşdıqdan sonra mümkün görünür. İlk növbədə, qarşılıqlı zərbələrin intensivliyi azalmalı və minimum etimad mühiti yaradılmalıdır. Tərəflər üçün qəbuledilən təhlükəsizlik təminatları və itkilərin məqbul səviyyəyə endirilməsi əsas şərtlərdən biridir. Regional və qlobal aktorların vasitəçilik rolu da həlledici ola bilər. Bununla yanaşı, strateji məqsədlərin məhdudlaşdırılması və maksimalist yanaşmadan imtina edilməsi diplomatik pəncərənin açılması üçün vacib amildir. Bu kontekstdə ekspertlər müxtəlif ssenarilər və mümkün keçid mexanizmləri barədə fərqli mövqelər səsləndirirlər.

İranlı ekspert bu kontekstdə bildirir ki, hərbi mərhələdən diplomatik danışıqlara keçid yalnız hücumların dayandırılması və təhlükəsizlik mühitinin sabitləşdirilməsi halında real ola bilər:

İranın hərbi bölmələri əvvəlcədən müəyyən edilmiş strategiya əsasında fəaliyyət göstərir və qərarlar situasiyanın inkişafına uyğun şəkildə verilir: Tehran üçün əsas şərt qarşı tərəfin təzyiq və zərbələri dayandırmasıdır”.

O qeyd edir ki, İran başqalarından xüsusi təminat gözləmədən özünü müdafiə etmək iqtidarındadır, lakin qarşılıqlı eskalasiyanın azalması diplomatik kanalların açılması üçün zəruri zəmin yarada bilər.

Pakayin vurğulayıb ki, İran üçün prioritet milli təhlükəsizliyin qorunmasıdır və ölkə hər hansı xarici təminata arxalanmadan özünü müdafiə etmək qabiliyyətinə malikdir.

The Prospect Foundation-Prospects & Perspectives-The Israel-Iran War and  its Potential Impact on China-Taiwan and the Indo-Pacific

İsrailli ekspert Mixail Borodkin isə bildirib ki, danışıqlar masasına real qayıdış yalnız İranın konkret güzəştlərə getməsi və ABŞ tərəfindən irəli sürülən əsas tələbləri qəbul etməsi halında mümkün ola bilər: “Hazırkı mərhələdə Tehranın yeni rəhbərliyi bu istiqamətdə siyasi iradə nümayiş etdirməyib və kompromisə hazır olduğuna dair açıq siqnal verməyib”.

Ekspert hesab edir ki, mövcud ritorika və hərbi dinamika fonunda diplomatik prosesin bərpası üçün ilk addım məhz İran tərəfindən atılmalıdır.

Amerikalı ekspert Paolo von Şiraçın qiymətləndirməsinə görə, hərbi fazadan diplomatik prosesə keçid yalnız İran rəhbərliyinin strateji mühitdə öz mövqeyinin ciddi zəiflədiyini qəbul etməsi halında real ola bilər.

Onun fikrincə, Tehran yalnız davamlı hərbi basqı və dərinləşən iqtisadi sanksiyalar fonunda nüvə proqramı, ballistik raket infrastrukturu və regional proksilərə verilən dəstək kimi fundamental məsələlər üzrə substantiv güzəştlərə razılaşa bilər: “Hazırkı mərhələdə isə belə bir siyasi iradənin formalaşdığı müşahidə olunmur”.

Ekspert vurğulayır ki, Vaşinqtonun məqsədi “İranı davranış dəyişikliyinə məcbur etmək, yoxsa struktur transformasiyaya nail olmaqdırsa”, bu seçim diplomatik perspektivlərin taleyini müəyyən edəcək.

TRENDS Research & Advisory - TRENDS Israel-Iran War Analysis: An  Unprecedented Confrontation that Reshaped the Middle East's Power Balance

Politoloq Ali Bakir hesab edir ki, hazırkı mərhələdə prosesin hansı istiqamətdə inkişaf edəcəyini dəqiq proqnozlaşdırmaq çətindir.

Onun sözlərinə görə, Oman xarici işlər nazirinin də qeyd etdiyi kimi, İsrail hərbi əməliyyatlara başlamazdan əvvəl tərəflər müəyyən razılaşmaya yaxınlaşmışdılar: “Lakin müharibənin başlanması və ABŞ-ın, eləcə də digər aktorların prosesə cəlb olunması diplomatik xətti arxa plana keçirib”.

Ekspert vurğulayır ki, son dövrdə vasitəçilik təşəbbüsləri zəifləyib və tərəflər arasında etimad mühiti daha da daralıb: “ABŞ strategiyasını yenidən nəzərdən keçirsə, siyasi həll üçün imkan pəncərəsi hələ tam bağlanmayıb. Bununla belə, həm Vaşinqton, həm də Tel-Əviv İran daxilində daha əlverişli siyasi konfiqurasiyanın formalaşacağına ümid edir”.

Yaxın Şərqdə formalaşan yeni təhlükəsizlik mühiti artıq lokal hərbi toqquşma çərçivəsini aşaraq çoxsəviyyəli strateji qarşıdurma mərhələsinə daxil olub. ABŞ və İsrail əməliyyatları təhlükəsizlik və çəkindirmə məntiqi ilə əsaslandırsa da, Tehran bunu suverenliyə və beynəlxalq hüquqa zidd addım kimi təqdim edir və legitim müdafiə konsepsiyasını önə çəkir. Qarşılıqlı zərbələr, informasiya müharibəsi və proksi aktorların aktivliyi eskalasiya riskini yüksəldir, eyni zamanda diplomatik manevr imkanlarını daraldır. Mövcud dinamika göstərir ki, tərəflər hələlik maksimalist mövqelərdən geri çəkilməyə hazır deyil və strateji üstünlük qazanmaq məqsədilə məhdud, lakin ardıcıl təzyiq xəttini davam etdirirlər. Diplomatik mərhələyə keçid yalnız hərbi intensivliyin azalması, qarşılıqlı təhlükəsizlik təminatlarının formalaşması və əsas siyasi tələblər üzrə real kompromis imkanlarının yaranması halında mümkün görünür. Əks halda, proses uzunmüddətli tükəndirmə qarşıdurmasına transformasiya oluna bilər.