14:35
791
Cari ilin yanvar ayında Trans-Adriatik Boru Kəməri ötürmə qabiliyyətini 12% artırıb və bununla da Avropaya ildə əlavə 1,2 milyard kubmetr qazın çatdırılması mümkün olacaq.
“APA-Economics” xəbər verir ki, bu barədə Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun Enerji Platforması və Beynəlxalq Münasibətlər üzrə Hədəf Qrupunun direktoru Kristina Lobillo Borrero Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 2021-ci ildən etibarən Cənub Qaz Dəhlizi vasitəsilə təbii qaz tədarükünün artırılması Avropa İttifaqının enerji mənbələrinin şaxələndirilməsinə mühüm töhfə verib.
Kristina Lobillo Borrero qeyd edib ki, yanvar ayında Trans-Adriatik Boru Kəməri (TAP) ötürmə qabiliyyətini 12% genişləndirib. Bu artım nəticəsində ildə əlavə 1,2 milyard kubmetr qazın Avropa bazarına nəqli təmin ediləcək.
Aİ rəsmisi bildirib ki, Avropa İttifaqının qaz siyasəti asılılıqdan dayanıqlığa keçid mərhələsindədir. Onun sözlərinə görə, tədarük mənbələrinin şaxələndirilməsi, qaz anbarlarının gücləndirilməsi və enerji təhlükəsizliyi tədbirləri Avropada daha dayanıqlı enerji təminatı modelinin formalaşmasına xidmət edir.
O vurğulayıb ki, dəyişən geosiyasi şərait fonunda qarşılıqlı faydalı enerji tərəfdaşlıqları xüsusi əhəmiyyət daşıyır və Aİ Azərbaycanla enerji əməkdaşlığının daha da dərinləşdirilməsində maraqlıdır.