10:38
651
ABŞ Silahlı Qüvvələri Hind okeanında təxminən 1,9 milyon barel İran nefti daşıyan gəmini ələ keçirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə cümə axşamı ABŞ prokuroru Canin Pirro məlumat verib. O əlavə edib ki, əməliyyat federal həbs qərarı əsasında həyata keçirilib.
"Bu gecə, mənim ofisim tərəfindən verilmiş və federal hakim tərəfindən imzalanmış həbs qərarına uyğun olaraq, ABŞ Silahlı Qüvvələri Hind okeanında təxminən 1,9 milyon barel İran nefti daşıyan 'qaranlıq donanma'ya aid M/T Majestic (əvvəlki adı M/T Phonix) gəmisini ələ keçirib", — deyə Pirro "X" sosial şəbəkəsində yazıb.
Prokuror həmçinin qeyd edib:
"Bu həftənin əvvəlində ABŞ Silahlı Qüvvələri analoji qaydada, bizim həbs qərarımız əsasında Tifani yanacaqdoldurma tankerini də ələ keçirmişdi. Onun göyərtəsində də təxminən 1,9 milyon barel İran nefti var idi. Biz sanksiya altında olan şəxsləri və terrorizmi dəstəkləyənləri məsuliyyətə cəlb etmək, onları qanunsuz dəniz fəaliyyətindən mənfəət əldə etmək imkanından məhrum etmək üçün bütün qanuni səlahiyyətlərimizdən istifadə edərək bu işləri amansızcasına araşdırmağa, izləməyə və məhkəmə qaydasında təqib etməyə davam edəcəyik.
Mənim ofisim ölkənin ən mürəkkəb həbs qərarlarından bir neçəsini, o cümlədən M/Ts Skipper, Bella 1 və Veronica gəmilərinin saxlanılması, yoxlanılması və həbsi barədə qərarlar çıxarıb. Biz qanunsuz neft şəbəkələrinin fəaliyyətini dayandırmaq və Amerikanın maraqlarını qorumaq üçün milli təhlükəsizlik üzrə tərəfdaşlarımızla əməkdaşlıq edirik".
Məryəm Quliyeva