“Azərbaycanla Ermənistan arasında 38 məhsul üzrə idxal-ixrac əməliyyatlarının qurulması mümkündür” İqtisadiyyat

“Azərbaycanla Ermənistan arasında 38 məhsul üzrə idxal-ixrac əməliyyatlarının qurulması mümkündür”

“Azərbaycan sülh gündəliyinə sadiq olaraq Ermənistana enerji məhsullarının ixracını həyata keçirir. Eyni zamanda, Azərbaycan üzərindən Ermənistana yüklərin daşınması ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb. Bu, təbii ki, Azərbaycanın regiondakı sülhə töhfəsini və dəstəyini bir daha təsdiq edir”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

V.Bayramov diqqətə çatdırıb ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi və kommunikasiyaların bərpa edilməsi, o cümlədən iqtisadi əlaqələrin genişləndirilməsi vacib məqamlardandır: “Bu, regionda dayanıqlı sülhün formalaşmasına xüsusi töhfə verəcək və bu kontekstdən Azərbaycanla Ermənistan arasında bizim apardığımız qiymətləndirmələr göstərir ki, 38 məhsul üzrə bütövlükdə idxal-ixrac əməliyyatlarının qurulması mümkündür. Bu, o deməkdir ki, iqtisadi əlaqələr tam bərpa olunduqdan sonra iki ölkə arasında ticarət dövriyyəsi illik olaraq 300 milyon dollar ətrafında dəyişə bilər”.

Deputatın sözlərinə görə, bura birbaşa Ermənistandan Azərbaycana ixrac və Azərbaycandan Ermənistana ixrac daxildir: “Söhbət idxal-ixrac əməliyyatlarından gedir. Amma sözsüz ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi region üzərindən daha çox yüklərin daşınmasına, həmçinin region ölkələrinin bundan daha çox faydalanmasına imkan yaradacaq. Bu kontekstdən təbii ki, beynəlxalq yükdaşımalardan da ölkələrin daha çox gəlir əldə etmək imkanları var ki, bu da praktik olaraq həm dayanıqlı sülh, həm də regionun iqtisadi inkişafı baxımından vacib məqamlardandır”.

Röya İsrafilova