09:59
1 253
ABŞ Prezidenti Donald Tramp Londonun rəqəmsal xidmətlər vergisini ləğv etməyəcəyi təqdirdə, Böyük Britaniyaya qarşı iri həcmli tariflərin tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edib.
Xalqcebhesi.az -ın xəbərinə görə, ABŞ Prezidenti "The Telegraph" qəzetinə verdiyi müsahibədə bildirib ki, bir çoxlarının fikrincə, Amerika texnologiya şirkətlərinə qarşı ədalətsiz yönəlmiş bu vergi ləğv edilməsə, o, "Böyük Britaniyaya qarşı böyük rüsumlar tətbiq edəcək".
"Onların Amerika şirkətlərinə hücum etməsindən xoşum gəlmir, çünki mahiyyət etibarilə söhbət bizim böyük Amerika şirkətlərimizdən gedir. İstəsəniz də, istəməsəniz də, bunlar Amerika şirkətləridir, dünyanın aparıcı şirkətləridir. (...) Biz bu məsələni araşdırdıq və Böyük Britaniya üçün sadəcə yüksək rüsumlar tətbiq etməklə onu asanlıqla həll edə bilərik. Ona görə də yaxşı olar ki, ehtiyatlı olsunlar. Əgər vergiləri azaltmasalar, böyük ehtimalla Böyük Britaniya üçün yüksək rüsumlar tətbiq edəcəyik", — deyə Tramp bildirib.
Onun sözlərinə görə, ölkədə qüvvədə olan 2%-lik vergi Apple, Google və Meta daxil olmaqla, iri Amerika texnologiya nəhənglərinin maraqlarına toxunur.
Britaniya rəqəmsal xidmətlər vergisini 2020-ci ildə tətbiq edib və bu addım əvvəllər də Vaşinqton tərəfindən dəfələrlə narazılıqla qarşılanıb. Tramp vurğulayıb ki, vergi ləğv olunmasa, ABŞ çox güman ki, ölkəyə qarşı cavab iqtisadi tədbirləri görəcək.
Bu şərhlər Kral və Kralıçanın gələn həftə ABŞ-a planlaşdırılan səfəri ərəfəsində səslənib.
Məryəm Quliyeva