“Nağaranın yaddaşı” layihəsi – ustad sənətkarların irsi yaşadılır Mədəniyyət

“Nağaranın yaddaşı” layihəsi – ustad sənətkarların irsi yaşadılır

Nağara ifaçısı, respublika və beynəlxalq müsabiqələr laureatı, pedaqoq, “Üzeyir Hacıbəyli” mükafatı laureatı Cəfər Həsənovun müəllifi olduğu “Nağaranın yaddaşı” layihəsi çərçivəsində nağara sənətində əvəzsiz xidmətləri olan, bu sənətə adlarını qızıl hərflərlə yazmış ustad ifaçılar haqqında sənədli filmlər tamaşaçılara təqdim ediləcək.

AZƏRTAC xəbər verir ki, layihənin ilk sənədli filmi nağara aləti sahəsində ilk dəfə Respublikanın Əməkdar artisti fəxri adına layiq görülmüş, virtuoz sənətkar, ustad ifaçı və pedaqoq Çingiz Mehdiyevə həsr olunub.

Sənədli filmdə ustad sənətkarın həyat və yaradıcılığı barədə geniş məlumatlar, arxiv foto və videomateriallar yer alıb. Hazırda layihə çərçivəsində ikinci sənədli filmin montaj prosesi davam edir və yaxın günlərdə ustad ifaçı və pedaqoq Şirzad Həsənov haqqında növbəti ekran işi təqdim olunacaq.

Layihənin növbəti mərhələlərində isə Böyükağa Muradov, Səlim Quliyev, Azər Əliyev, Zöhrab Məmmədov, Hüseynqulu Abdullayev, Almazxan Quliyev, Elşən Qasımov və digər tanınmış ustadlar haqqında sənədli filmlərin çəkilişi nəzərdə tutulur.

“Nağaranın yaddaşı” layihəsinin əsas məqsədi bu sahədə böyük xidmətləri olan ustad sənətkarların irsini yaşatmaq və onları gələcək nəsillərə tanıtmaqdır.

Qeyd edək ki, layihənin montaj rejissoru Davud Qədiroğlu, mətn müəllifi Cəfər Həsənovdur. Mətnlərin səsləndirilməsi Hüseynağa Aslanov tərəfindən həyata keçirilir.