14:53
707
"Hizbullah" təşkilatının baş katibi Naim Qasım hərəkatın İsrail ilə birbaşa danışıqlar ehtimalını qəti şəkildə rədd etdiyini və tərksilah məsələsini müzakirə etmək niyyətində olmadığını bildirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Hizbullah"ın rəsmi "Telegram" kanalında məlumat verilib.
"Biz birbaşa danışıqları qətiyyətlə rədd edirik. Hakimiyyət anlamalıdır: onların hərəkətləri Livana heç bir fayda verməyəcək", — deyə Qasım bildirib.
O, həll yolunun beş bənddən ibarət olduğunu qeyd edib:
— Quru, dəniz və havada təcavüzün dayandırılması;
— İsrailin işğal olunmuş ərazilərdən çıxarılması;
— Əsirlərin azad edilməsi;
— Sakinlərin öz kəndlərinə qaytarılması və bərpa prosesi;
— Yenidənqurma işləri.
Öz müraciətində Qasım Livan hakimiyyətini hazırkı siyasi kursu yenidən nəzərdən keçirməyə, o cümlədən vasitəli danışıqlar formatına qayıtmağa və "müqaviməti" cinayət hesab edən qərarlardan imtina etməyə çağırıb.
"Hazırkı hakimiyyət Livanın hüquqlarından imtina edərsə, idarəçiliyi davam etdirə bilməz. O, xalqa qayıtmalı və milli razılıq əsasında hərəkət etməlidir. Əsas problem təcavüzdür, müqavimət isə səbəb deyil, reaksiyadır. Müqavimətin silahı müdafiə xarakterlidir və mövcudluğu qorumağa yönəlib. Biz silahdan və müdafiədən əl çəkməyəcəyik. Müqaviməti davam etdirəcəyik. Yalnız iki yol var: azadlıq və ləyaqət, yaxud işğal və alçalma", — deyə baş katib vurğulayıb.
Məryəm Quliyeva