“Rusiyanın imperiya siyasəti region üçün təhlükədir” Dünya

“Rusiyanın imperiya siyasəti region üçün təhlükədir”

“Rusiyanın keçmiş SSRİ məkanında əvvəlki sərhədləri bərpa etmək istiqamətində apardığı siyasət artıq uzun illərdir müşahidə olunur və bu, təsadüfi yanaşma deyil”.

Bu fikirləri politoloq Vaqif Hüseyn “xalqcebhesi.az”-a açıqlaması zamanı

Onun sözlərinə görə, Moskvanın bu istiqamətdə addımları xüsusilə 2007-2008-ci illərdən etibarən daha açıq formada görünməyə başlayıb:
“Rusiya keçmişdə sahib olduğu əraziləri zorla geri qaytarmaq cəhdlərini ən azı iki ölkədə nümayiş etdirib. Bunlardan biri Gürcüstandır. 2008-ci ildə həyata keçirilən hərbi müdaxilə nəticəsində orada qondarma respublikalar formalaşdırıldı. Digəri isə Ukraynadır. Burada artıq faktiki olaraq bir dövlətə qarşı genişmiqyaslı müharibə aparılır. Bu baxımdan NATO rəsmilərinin Rusiyanın niyyətləri ilə bağlı səsləndirdiyi fikirlər heç də əsassız deyil”.

Politoloq qeyd edib ki, Ukrayna məsələsində Rusiya öz strateji niyyətlərini gizlətmir:
“Bu, ilk dəfə baş vermir. Hələ XX əsrdə də Rusiya imperiyasından ayrılan xalqlara və yeni yaranan dövlətlərə qarşı oxşar siyasət yürüdülüb. Bu gün isə imperiya sərhədlərinin bərpası ideyası açıq şəkildə dövlət kanallarında səsləndirilir. Müxtəlif hərbi ekspertlər, strateqlər televiziya proqramlarında bunu gizlətmədən ifadə edirlər. Solovyovun verilişlərində də, Skabeyevanın efirlərində də bu ritorika açıq şəkildə görünür”.

Vaqif Hüseyn vurğulayıb ki, bu yanaşma Rusiyanın müasir beynəlxalq hüquq sisteminə münasibətini də ortaya qoyur:

“Bu, Rusiyanın müasir dünya düzənini və beynəlxalq hüquq normalarını tam şəkildə qəbul etmədiyini göstərir. Bu gün Azərbaycanın da daxil olduğu bütün müstəqil dövlətlərin suverenliyini təmin edən beynəlxalq hüquq sistemi açıq şəkildə təhdid altındadır. Ukrayna müharibəsi bunu bir daha sübut etdi.Rusiyanın Ukraynada üstünlük qazanması Avropada təhlükəsizlik balansını ciddi şəkildə dəyişə bilər.Əgər Rusiya Ukraynada qalib gələrsə, təhlükəsizlik balansı kəskin şəkildə Moskvanın xeyrinə dəyişəcək. Bu isə regionda və bütövlükdə Avropada yeni geosiyasi risklərin yaranmasına səbəb olacaq”.

Günel Elxan