11:50
518
Kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi ilə bağlı mürəkkəb çağırışları regional əməkdaşlıq olmadan həll etmək mümkün deyil.
“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən “Müasir Kənd Təsərrüfatı Əməkdaşlığı Davamlı İnkişafın Təməli və Ərzaq Təhlükəsizliyinin Qarantı Kimi” adlı konfransda panel müzakirəsi zamanı Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri David Songulashvili deyib.
O qeyd edib ki, həm Qafqaz regionunda, həm də Qara dəniz və Xəzər regionlarında əməkdaşlığı dərinləşdirməliyik ki, ortaq çağırışlara birgə cavab verə bilək:
“Bu, olduqca vacib məsələdir. Digər tərəfdən, regionumuz və ümumiyyətlə dünya ciddi və mürəkkəb problemlərlə üz-üzədir. Davam edən geosiyasi gərginlik və regional münaqişələr aqrar-ərzaq dəyər zəncirlərini pozur. Bu isə müxtəlif regionlarda ərzağın əlçatanlığına və qiymətlərə birbaşa təsir edir və qlobal ərzaq sistemlərinin nə qədər qarşılıqlı asılı olduğunu göstərir.
Belə şəraitdə regional əməkdaşlıq həyati əhəmiyyət daşıyır. Ərzaq təhlükəsizliyinin təmin olunması üçün yalnız düzgün siyasət kifayət deyil, həm də səmərəli nəqliyyat dəhlizləri və etibarlı logistika zəncirləri lazımdır.
Bu baxımdan Gürcüstanın, Azərbaycanın və Orta Dəhlizin rolu olduqca vacibdir. Bu istiqamətdə yaxşı koordinasiya böyük əhəmiyyət daşıyır”.
O bildirib ki, mövcud qlobal qeyri-müəyyənliklər fonunda dəhliz boyunca yerləşən ölkələr arasında əməkdaşlığın daha da gücləndirilməsi vacibdir:
“Bizim səylərimiz iqtisadi inkişafı dəstəkləyən, regionumuzun investisiya cəlbediciliyini artıran açıq, proqnozlaşdırıla bilən və təhlükəsiz mühitin qorunmasına yönəlib.
Eyni zamanda əməkdaşlıq deyərkən biz yalnız ticarəti nəzərdə tutmuruq. Biz etimadın qurulmasından, tərəfdaşlığın möhkəmləndirilməsindən və regional sabitliyin dəstəklənməsindən danışırıq”.