İran Fars körfəzi ölkələri ilə təhlükəsizlik sazişləri bağlamağa hazırdır Gündəm

İran Fars körfəzi ölkələri ilə təhlükəsizlik sazişləri bağlamağa hazırdır

İran Fars körfəzi regionu ölkələri ilə təhlükəsizlik sahəsində sazişlər bağlamağa hazırdır.

Xalqcebhesi.az xəbər verir ki, bunu İslam Respublikası Məclisinin (parlamentinin) sədri Məhəmməd Baqir Qalibaf Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı konfransının sessiyası zamanı bəyan edib.

"İran müsəlman ölkələrinə, xüsusən də Yaxın Şərq regionuna və bütövlükdə Fars körfəzi dövlətlərinə xüsusi maraq göstərərək bəyan edir ki, bu dövlətlərlə təhlükəsizlik sahəsində dayanıqlı iqtisadi əməkdaşlıqla dəstəklənən sazişlər bağlamağa hazırdır. Bu, onları ümumi düşmənlərdən qorumağa və ərazilərini bütün investorlar üçün təhlükəsiz etməyə imkan verəcək", — deyə İranın "Tasnim" agentliyi onun sözlərindən sitat gətirib.

Qalibaf vurğulayıb ki, müsəlman dünyasının gələcəyi "dağıdıcı rəqabət əsasında deyil, əməkdaşlıq, iqtisadi inteqrasiya" və "davamlı siyasi dialoq" bazasında formalaşmalıdır.

O, həmçinin xatırladıb ki, İslam Respublikası bütün xarici qüvvələrin Yaxın Şərq ölkələrindən çıxarılması zərurəti üzərində israr etməkdə davam edir.

Məryəm Quliyeva