14:02
1 071
“ABŞ-nin Polşanı Rusiyanın mümkün silahlı təxribatı ilə bağlı əvvəlcədən xəbərdar etməsi Avro-Atlantik təhlükəsizlik məkanında formalaşan yeni geosiyasi reallığın mühüm göstəricisidir. Rəsmi Vaşinqtonun kəşfiyyat qiymətləndirmələrinə görə Moskva NATO-nun kollektiv müdafiə mexanizminin dayanıqlığını sınaqdan keçirmək məqsədilə Polşanın kritik infrastrukturunu raket və ya pilotsuz uçuş aparatları ilə hədəfə ala biləcək məhdud miqyaslı təxribat ssenarilərini nəzərdən keçirə bilər”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Aytən Qurbanova bildirib.
A.Qurbanova bu xəbərdarlığın təsadüfi xarakter daşımadığını vurğulayıb: “Əksinə, o, Rusiya-Qərb qarşıdurmasının artıq yalnız Ukrayna cəbhəsi ilə məhdudlaşmadığını, bütövlükdə Avropa təhlükəsizlik sistemini əhatə edən daha mürəkkəb və çoxşaxəli geosiyasi mərhələyə daxil olduğunu göstərir. Ukraynada davam edən müharibə beynəlxalq münasibətlər sistemində qüvvələr nisbətini əhəmiyyətli dərəcədə dəyişdirib. Soyuq müharibədən sonra Avropada formalaşmış nisbi təhlükəsizlik mühiti faktiki olaraq aradan qalxıb, NATO isə yeni çağırışlara uyğun olaraq müdafiə strategiyasını yenidən formalaşdırmağa məcbur olub”.
Politoloqun sözlərinə görə, Alyansın son illərdə qəbul etdiyi strateji konsepsiyalar da təsdiq edir ki, Rusiya artıq yalnız regional təhlükə deyil, Avro-Atlantik məkanının təhlükəsizlik arxitekturasına yönəlmiş uzunmüddətli strateji çağırış kimi qiymətləndirilir: “Məhz bu baxımdan yanaşdıqda Polşanın xüsusi geostrateji əhəmiyyəti diqqətdən kənarda qalmamalıdır. Şərqi Avropa ilə Qərb arasında əsas tranzit məntəqəsi olan Polşa Ukraynaya hərbi və humanitar yardımların çatdırıldığı ən mühüm logistika platformasıdır. Eyni zamanda, NATO-nun şərq cinahında yerləşən ən böyük hərbi infrastruktur məhz bu ölkədə cəmləşib. ABŞ hərbi kontingentinin, müasir hava və raketdən müdafiə sistemlərinin, çoxmillətli döyüş qruplarının və strateji sursat ehtiyatlarının Polşada yerləşdirilməsi bu ölkəni Alyansın çəkindirmə strategiyasının əsas dayaqlarından birinə çevirib”.
Röya İsrafilova