"Tərəflər təhdid mübadiləsi aparmağa davam edirlər" Dünya

"Tərəflər təhdid mübadiləsi aparmağa davam edirlər"

İranın Xarici işlər naziri Əraqçi Vaşinqtona ünvanlanmış sərt bir bəyanatla İslamabad Memorandumunun 13-cü maddəsinə istinad edib. Əslində, Tehran güc tətbiqi ilə bağlı birbaşa təhdidlərin davam etdiyi müddətcə, nizamlama prosesinin son mərhələsinə keçməyin prinsipcə mümkün olmadığını açıq şəkildə bildirir. Bu, rəqibin pozuntularını sənədləşdirməyə və güc mövqeyindən təzyiq göstərmək cəhdlərinin qarşısını almağa yönəlmiş klassik diplomatik taktikadır.

Bunu xalqcebhesi.az-a gürcüstanlı iranşünas, ekspert Vasili Papava deyib.

"Ritorikanın yeni bir eskalasiyasına baxmayaraq, 11 iyulda Pakistanda keçirilməsi planlaşdırılan texniki danışıqlara hazırlıqlar planlaşdırıldığı kimi davam edir. Tərəflər təhdid mübadiləsi aparmağa davam edirlər: Vaşinqton dialoqun pozulması halında infrastruktur hədəflərinə mümkün zərbələr endirəcəyinə işarə edir, Tehran isə beynəlxalq razılaşmalara istinad edərək sərt diplomatik etirazlarla cavab verir" - politoloq deyib.

O, qeyd edib ki, belə bir gərgin şəraitdə faktiki gündəm qaçılmaz olaraq ciddi taktiki məsələlərə qədər daralır: aktivlərin dondurulmasının ləğvi, sanksiyaların qismən qaldırılması və mövcud atəşkəsin qorunması:

"Qarşılıqlı etimadsızlığın kritik səviyyəsi səbəbindən nüvə proqramı və regional təhlükəsizlik üzrə hərtərəfli, uzunmüddətli razılaşma hazırda əlçatmaz görünür. Bu mərhələdə proses faktiki olaraq uzunmüddətli danışıqlara çevrilib və hər iki tərəf qaçılmaz növbəti raunddan əvvəl danışıqlarda öz təsirlərini maksimum dərəcədə artırmağa çalışır".

Xatırladaq ki, İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, təhdidlər davam etdiyi müddətcə ABŞ ilə yekun razılaşma üzrə danışıqlara başlamaq mümkün deyil. O, sosial mediada yazıb: "Anlaşma memorandumunun 13-cü maddəsi çox aydındır: təhdidlər qaldığı müddətcə yekun razılaşma üzrə danışıqlar başlamayacaq. Öhdəliklərinizi yerinə yetirin". Bundan əvvəl "Əl-Hədəs" qəzeti ABŞ və İran arasında yeni danışıqların 11 iyulda Pakistanda keçiriləcəyini bildirmişdi.

Cavid