Obamanın yaddaşı zəifləyib Dünya

Obamanın yaddaşı zəifləyib

Yoxsa bilərəkdən Azərbaycanın adını çəkməyib?

Cavid

ABŞ prezidenti Barak Obama Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenko ilə iyunun 4-də Polşanın paytaxtı Varşavada görüşündə bildirib ki, böyük yeddiliyin Brüsseldə görüşü beynəlxalq ictimaiyyətin Poroşenkonu dəstəklədiyini nümayiş etdirəcək. Prezident daha sonra qeyd edib ki, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra, Birləşmiş Ştatlar müttəfiqlərinin təhlükəsizliyi üçün öhdəliyinə qətiyyətlə sadiqdir. Söhbət Polşa və Şərqi və Mərkəzi Avropadakı digər NATO müttəfiqlərindən gedir.
Varşavada çıxış edən Obama deyib ki, "Polşa heç vaxt tək qalmayacaq. Estoniya heç vaxt tək qalmayacaq. Latviya heç vaxt tək qalmayacaq. Litva heç vaxt tək qalmayacaq. Rumıniya heç vaxt tək qalmayacaq".
Obama onu da bildirib ki, "Rusiyanın gələcək təxribatı ancaq özünün təcridinə səbəb olacaq".
Onu da bildirək ki, Obama Ukraynanın yeni prezidenti Petro Poroşenko ilə görüşündə bu ölkədə sülhün bərqərar edilməsinə Vaşinqtonun dəstəyini vəd edib. O bu görüş zamanı Rusiyanın şərqi Ukraynaya "təcavüzünü" də pisləyib: "Biz necə yol verə bilərik ki, 20-ci əsrin qaranlıq taktikası 21-ci əsrin taleyini müəyyənləşdirsin?".
Obama Ukraynaya zirehli geyim və gecə durbinləri daxil, 5 milyon dollar dəyərində hərbi yardım vəd edib.
Bəs nədən Azərbaycanı özünə strateji müttəfiq hesab edən ABŞ prezident Obama Qarabağ məsələsində rəsmi Bakıya da dəstək dura biləcəyini açıq-aşkar bildirməyib?
Onu da qeyd edək ki, ABŞ-ın özəl kəşfiyyat şirkəti, Mərkəzi Kəşfiyyat İdarəsinin "kölgəsi" kimi tanınan "Stratfor"un direktoru, bu yaxınlarda Bakıda gizli səfərdə olmuş Corc Fridman Rusiya prezidenti Vladimir Putinin keçmiş sovet respublikalarına dair planları barədə danışıb. Corc Fridman Polşanın "Gazecie Wyborczej" qəzetinə verdiyi müsahibəsində digər postsovet respublikalarında Krımda baş verənlərin təkrar olunması riskinin qaldığını qeyd edir. Amerikalı ekspertə görə, Putinin hədəfində Ukraynadan sonra Moldova və Gürcüstan olacaq. C.Fridmana görə, xüsusən də Gürcüstan üzərində təzyiqlər Azərbaycana da təhlükə yaradacaq: "Ukraynadakı böhran isə bir müddət sonra səngiyəcək. Bunu Rusiya da istəyir, Qərb də. Və onda Putin özünə növbəti hədəf seçəcək. İlk növbədə o, Moldova və Gürcüstanda eksperiment keçirməyə başlayacaq. Gürcüstan Azərbaycan neftinin və qazının tranzitinin keçdiyi ölkədir. Əgər Rusiya bu boru kəmərlərini nəzarət altına alsa, Azərbaycan öz neftində və qazında boğulacaq. Lakin Putin ora tankları göndərməyəcək. O, çekist kimi hərəkət edəcək - dezinformasiya yayacaq, şantaj edəcək və loyal siyasətçiləri ələ alacaq, xüsusi təyinatlı bölmələr göndərəcək".
Onun fikrincə, Qərb Putini enerji bazarında sıxmağa çalışacaq: "Həmin resurslara da Amerika malikdir, çünki şist qazı və nefti hasil etmək üçün texnologiya işləyib hazırlayıb. Əgər bura İranda və İraqda hasil oluna bilən faydalı qazıntıları da əlavə etsək, o zaman biz nəhəng gücə malikik. Söhbət təkcə Avropanı Rusiya neftindən və qazından asılılığını aradan qaldırmaqdan getmir. İdeya ondan ibarətdir ki, bazarda neftin və qazın qiymətini öldürmək lazımdır. Bu isə Putin üçün çox ağrılı olacaq".
Corc Fridmanın çox məlumatlı şəxs olduğunu nəzərə alsaq, o zaman dünyada yeni enerji müharibəsinin başlandığını deyə bilərik. Məsələ ondadır ki, Rusiya ilə Qərbin növbəti toqquşmasında "cəbhənin ortasında" qalacaq ölkələrdən biri də Azərbaycan ola bilər. Bəs Azərbaycanın bu mübarizədə özünü qorumaq imkanları nə qədər olacaq?
Politoloq Arzu Nağıyevin fikrincə, 2008-ci ildə Rusiyanın Gürcüstanla apardığı beşgünlük müharibə və onun nəticələrinə görə ABŞ-ın bu regionda olan təsir gücünü həddən artıq itirdiyindən, hazırda regionda Rusiya daha güclü vəziyyətdədir: "ABŞ isə itirilmiş mövqelərini yenidən bərpa etməyə çalışır. Məhz buna görə də regionda ABŞ artıq Moskvaya qarşı aktiv siyasət aparmaq iqtidarında deyil və onu yenidən bərpa etməyə can atır. Bunun bir səbəbi də Ermənistanın Rusiyanın regionda forpostu olmasıdır. Rusiya əgər özünün regiondakı maraqlarına az da olsa nail olmaq istərsə, Azərbaycanla qarşılıqlı tərəfdaşlıq etməlidir. Rusiya dərk edir ki, Azərbaycanla ikitərəfli əlaqələr vasitəsilə Avropa və Asiya arasında tranzit daşımalar vasitəsilə enerji daşıyıcılarını bütün dünyaya çatdıra bilər və ABŞ-Qərb layihələrinin mahiyyətini heçə endirə bilər. Bütün bunlar onu göstərir ki, Rusiya Gürcüstan ərazisindən keçən kəmərlərə qarşı hər hansı mənfi mövqe tutarsa, heç nə qazanmayacağını bilir. Çünki baxmayaraq ki, Ermənistanla hərbi müttəfiqdir, itirəcəyinin qazanacağından çox olacağına əmindir".
Arzu Nağıyev deyir ki, bu gün geosiyasi vəziyyətindən asılı olaraq Azərbaycan nə qədər mürəkkəb durumda olsa da, yeridilən balanslı siyasət regionda sülhün bərqərar olmasına töhfə verə bilər: "Yəni ABŞ və ya Rusiya başa düşür ki, güclü hərbi texnika, döyüş silahı və sursata malik olan dövlət kimi Azərbaycan hərbi yola əl atsa, itkilərin, daha doğrusu, insan tələfatının sayı-hesabı olmayacaq. Deməli, Rusiya da regionda öz sülh siyasətini yeritməlidir. Bu isə ola bilsin, ABŞ və Qərbi razı salmasın".
Politoloq Ərəstun Baxşəliyevin fikrincə isə Obama tərəfindən bu cür açıqlamanın verilməsinin arxasında təbii ki Azərbaycanın adları sadalanan hər üç dövlətdən bir çox məqamlara görə fərqlənməsidir. Azərbaycan həmin dövlətlərlə müqayisə edilməyəcək dərəcədə gücə sahibdir. Bu, enerji resurslarının olması ilə bağlıdır ki, bunun da müqabilində Bakı 1993-cü ildən üzü bu yana müstəqil bir şəkildə siyasət yürüdə bilib: "Güclənən iqtisadiyyat və onun fonunda yenilənən ordu və də ən başlıcası müstəqil və balanslı bir siyasət, eləcə də bu kimi amillər Azərbaycana olan basqıları hər zaman sabit durumda saxlayıb. Son dövrlərdə Qərbin Azərbaycanla bağlı siyasətində baş verən təlatümlərin də arxasında məhz bu amil dayanmaqdadır. Adları sadalanan üç dövlətdən fərqli olaraq Azərbaycan hələ ki, konkret və qəti bir şəkildə Qərblə əlaqələrini açıq bir müstəviyə çıxartmayıb. Biz Qərblə əlaqələr qurur və onun inkişaf etdirilməsində maraqlı tərəf kimi çıxış edirik. Hətta xarici siyasətimizin prioritet istiqamətlərindən biri kimi Avroatlantik məkana inteqrasiyamızı mütəmadi olaraq dilə gətiririk. Ancaq bu o anlama gəlməməlidir ki, biz bütün siyasətimizi daim bir yönə istiqamətləndiririk. Bu gün dünya durmadan dəyişir və yeni strateji planlamalar üzə çıxır. Bakının qarşısında duran hədəflərdən ən mühümü isə dəyişən dünyada öz yerini və rolunu bəlli etmək və buna uyğun bir biçimdə siyasətini sərgiləməkdir. Dünya hər zaman gücün yanında olub".
Politoloq bildirib ki, bu kimi amilləri rəhbər tutan Qərb, Bakının siyasətinə təbii ki qısqanclıqla yanaşacaq: "Ötən günlərdə Amerika səfirinin Azərbaycanla bağlı açıqlamaları və bu günlərdə səfirin bununla bağlı yenə də öz mövqeyində qalacağı ilə bağlı açıqlamalar verməsi buna sübutdur. Qərb adları sadalanan dövlətlər kimi Azərbaycanın da Qərbin diqtəsi ilə hərəkət etməsini istəyir. Bugünki mesajın da pərdə arxasında məhz bu amil dayanmaqdadır - "ya mənimləsən, ya da məndən olmadığın üçün məndən kömək də görməyəcəksən". Ancaq bu siyasəti sərgiləyən tərəf başa düşməlidir ki, region olduqca həssas bir regiondur. Və burada baş verən prosselər nəticə olaraq Qərbin özü üçün pis sonuclar doğura bilər. Təssüflər olsun ki, Qərb bu regionda olan problemləri hələ indi-indi özünün həyati əhəmiyət daşıyan problemləri kimi görməyə başlayıb.
Qərb hər zaman İran kartından yararlana biləcəyi düşüncəsində olduğu üçün Cənubi Qafqaz onun üçün ikinci və ya üçüncü planda yer alıb. Zaman-zaman Türkiyə-İraq-İran-Orta Asiya xəttini rəhbər tutan Qərb təəssüf ki bu gün də həmin müstəviyə qayıtmaq niyətindədir. Qərb Cənubi Qafqazla bağlı strategiyasına hələ də şübhə ilə yanaşır.
Halbuki günümüzdə istər İran, istər Orta Asiya üçün açar dövlət yenə də Azərbaycandır. Məhz bunun nəticəsidir ki, Rusiya Qarabağ kartı ilə Cənubi Qafqazdan heç zaman çəkiməyəcəyini nümayiş etdirməkdədir.
Son günlərdə Qarabağla bağlı problemlərin çözüləcəyi ilə bağlı mesajların gündəmi tutması da əslində Rusiyanın bu regionda yenidən öz üstün mövqeyini qazanacağına işarə vurmaqdadır. Qərb həqiqətən də labirintdədir. Oyunu özü qurmasına baxmayaraq".