13:12
1 561
Almaniya və Böyük Britaniya "Deep Precision Strike" (DPS) proqramı çərçivəsində 2034-cü ilə qədər 2 min km mənzilə malik qanadlı raket hazırlamağı planlaşdırır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Die Welt" qəzeti Böyük Britaniyanın müdafiə strategiyası, Berlin və London arasındakı danışıqların gedişatı və müdafiə sənayesi sahəsində əməkdaşlıqla tanış olan mənbələrə istinadən məlumat verib.
Mənbələrdən biri qeyd edib ki, hər iki tərəf müdafiə siyasəti sahəsində qarşılıqlı əlaqələrin "qızıl dövrünü" açmaqda maraqlıdır. Birləşmiş Krallığın yeni baş naziri Endi Bernemin dövründə ikitərəfli münasibətlərin dərinləşməsinin "yeni impuls" alacağı gözlənilir. Qəzet göstərir ki, məxfi "Deep Precision Strike" proqramı yeni Almaniya-Böyük Britaniya əməkdaşlığının "flaqman layihəsinə" çevrilib. Hər iki ölkə 2034-cü ilə qədər 2 min km uçuş məsafəsinə malik raket hazırlamağı planlaşdırır.
"Deep Precision Strike" (DPS) konsepsiyası düşmənin dərin arxa cəbhəsinə yüksək dəqiqlikli zərbələrin endirilməsini nəzərdə tutur. Bununla yanaşı, "Die Welt" qeyd edir ki, söhbət Rusiya ilə ehtimal olunan münaqişə ssenarisindən gedir. NATO-nun Ankarada keçirilən iyul sammitində dəyəri təxminən 35 milyard avro olan DPS proqramı Böyük Britaniyanın rəhbərliyi altında alyansın 12 ölkəsinin layihəsi kimi elan edilib. Bu layihədə Almaniyaya mərkəzi rol ayrılır.
Layihənin təfərrüatları tam məxfi saxlanılır. Müdafiə sənayesindəki mənbələr bildirir ki, layihə böyük ehtimalla AFR-in maliyyələşdirilməsi və Böyük Britaniyanın texnoloji nailiyyətlərinin birləşməsi əsasında qurulacaq. Britaniya hökumətinin nümayəndələri DPS layihəsini 2024-cü ilin niyyət bəyannaməsi statusundan mümkün qədər tez — idealdırsa, artıq 2027-ci ildə rəsmi proqram statusuna keçirmək istəyirlər. Silahın 2034-cü ilə qədər silahlanmaya verilməsi planlaşdırılır, — qəzet vurğulayır.
Hazırda raketin iki variantı nəzərdən keçirilir: alçaqdan uçan qanadlı raket, həmçinin səsin sürətini beş dəfə üstələyən hipersəs raketi. Araşdırmanın nəticələrinə görə, Britaniya tərəfində layihənin yaxşı templərlə irəlilədiyi təəssüratı yaranır.
"Die Welt"in iddiasına görə, Almaniya-Böyük Britaniya DPS layihəsi Avropanın ABŞ-dən hərbi asılılığının tədricən azalmasının rəmzinə çevrilə bilər. NATO çərçivəsində məhz amerikalılar uzaq məsafələrə yüksək dəqiqlikli zərbələr endirmək imkanına malik idilər — bu, avropalı müttəfiqlərdə çatışmayan bir imkan idi.
Məryəm Quliyeva