İran və Oman Hörmüz boğazında yeni dəniz dəhlizi yaradır Dünya

İran və Oman Hörmüz boğazında yeni dəniz dəhlizi yaradır

İran və Oman yaxın günlərdə Hörmüz boğazından razılaşdırılmış keçid dəhlizi barədə elan edəcəklər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai bəyan edib.

"İran tərəfindən idarə olunan yeni beynəlxalq dəhliz omanlı qardaşlarımızla razılaşdırılıb və yaxın günlərdə elan ediləcək", — deyə İranın dövlət mediası Rezainin bəyanatından sitat gətirir.

O, həmçinin yaxın günlərdə Hörmüz boğazından kənarda yeni qadağan olunmuş zonanın elan ediləcəyini bildirib.

O, əlavə edib ki, Tehranla razılaşdırılmadan bu əraziyə daxil olan istənilən gəmi sanksiya siyahısına salınacaq.

Rezai dəqiqləşdirib ki, bu zona "ABŞ Hərbi Dəniz Qüvvələrinin blokada xəttindən başlayacaq və Fars körfəzinin bəzi hissələrinə qədər uzanacaq", həmçinin yükvurma limanlarına qədər olan ərazini əhatə edəcək.

O, həmçinin Hörmüz boğazının "tamamilə bağlı olduğunu və İran Silahlı Qüvvələrinin nəzarətində saxlanıldığını" vurğulayaraq, ABŞ Prezidentinin əksini iddia edən bəyanatlarını yalan adlandırıb.

"Amerikalılar beş-altı gəmini qaçaqmalçılıq yolu ilə keçirməyə çalışırlar ki, bu da onlar üçün baha başa gəlir, lakin bu gəmilər adətən hücuma məruz qalır", — deyə o əlavə edib.

Bununla belə, Ali Milli Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, İran Amerika gəmilərini batırmamaq qərarına gəlib, çünki "onlarda neft daşınır və bu, regionun ətraf mühitinə zərər vurar".

O vurğulayıb ki, Vaşinqton təhdid və təcavüzü dayandırmasa, İranın etimadını bərpa etməsə, Tehran Hörmüz boğazının açılması ilə bağlı heç bir öhdəlik götürməyəcək.

"Danışıqların davam etməsi üçün amerikalılar İranın etimadını qazanmalıdırlar", — deyə o bildirib.

Rezainin sözlərinə görə, İran yalnız ABŞ ona təhdid yaratmadığı təqdirdə Hörmüz boğazında gəmiçiliyə mane olmamaq öhdəliyini götürür.

Rezai, həmçinin ABŞ sanksiyaları fonunda İranda mal qıtlığı ilə bağlı şayiələri təkzib edib. O bildirib ki, neft satışı davam edir, gəlirlər ölkəyə qayıdır və əsas malların strateji ehtiyatları sabit qalır.

Məryəm Quliyeva