
Ermənistanın regional siyasətində ziddiyyətli xətt yenidən diqqət mərkəzinə gəlib. İrəvan bir tərəfdən ABŞ-nin təşəbbüsü ilə gündəmə gələn TRIPP marşrutuna sadiqliyini nümayiş etdirir, digər tərəfdən isə Rusiya və İranla formalaşmış münasibətləri qorumağa çalışır. Bu mənzərə Ermənistanın xarici siyasətində yeni balans axtarışının getdiyini göstərir.
Şübhəsiz ki, TRIPP layihəsinin reallaşması Cənubi Qafqazın nəqliyyat və geosiyasi xəritəsini əhəmiyyətli dərəcədə dəyişəcək. Xüsusilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında bağlantının genişlənməsi, regionun beynəlxalq ticarət marşrutlarına inteqrasiyası və ABŞ-nin Cənubi Qafqazdakı rolunun artması Ermənistan üçün yeni imkanlarla yanaşı, ciddi siyasi seçimlər də yaradır. İrəvan isə bu prosesdə nə Moskvanı tam itirmək, nə də Tehranla münasibətləri kəskinləşdirmək istəyir.
Ermənistanın eyni vaxtda həm Qərblə strateji əməkdaşlığı dərinləşdirməsi, həm də Rusiya və İranla əlaqələri saxlamağa çalışması nə qədər davam edəcək? TRIPP layihəsi İrəvanı Rusiya və İrandan uzaqlaşdıracaqmı? Moskva və Tehran Ermənistanın bu siyasətinə nə qədər dözəcək?
Politoloq Niyaməddin Orduxanlı Musavat.com-a deyib ki, bu gün Ermənistan həm ABŞ-nin, həm Rusiyanın, həm də İranın yönəltdiyi siyasətə uyğun addımlar atdığını göstərmək istəyir:
“TRIPP marşrutunun açılması ilə bağlı imzalanan sazişdən bir il vaxt keçib. İran bu marşruta kəskin mövqeyini ifadə edir. Ancaq bu məsələdə əsas rolu həm də Rusiya oynayır. Rusiyanın isə razılığı olmadan bu marşrutun açılması perspektivini görmürəm. Paşinyanın prezident Vladimir Putinlə bir neçə gün bundan əvvəl Bişkekdəki görüşünə diqqət yetirin. İkitərəfli görüşdə Putin açıq şəkildə Paşinyana təklif etdi ki, siz konkret yolunuzu, kursunuzu seçməlisiniz. Həm Qərbin, həm də Rusiyanın yanında ola bilməzsiniz. Ancaq bu gün Ermənistana ikitərəfli əlaqələri davam etdirmək sərf edir. Çünki hər iki tərəf Ermənistana hər cür dəstək verir, iqtisadi imkanlarını genişləndirir. ABŞ Ermənistana 1 milyard dollardan artıq sərmayə qoymağı planlaşdırıb, zavod və müəssisə tikir. Digər tərəfdən, Rusiyadan çox ucuz qiymətə neft məhsulları, taxıl, silah-sursat və s. məhsullar alır. Həmçinin İran Ermənistana Rusiyadan sonra ən çox dəstək verən ölkədir. Əlbəttə ki, TRIPP layihəsi reallaşsa, Cənubi Qafqazda nəqliyyat və geosiyasi xəritədə əhəmiyyətli dərəcədə dəyişiklik baş verəcək və ən çox qazanan ölkələrdən biri də Ermənistan olacaq. Putinin tələbi bundan sonra təbii ki, Ermənistan üçün çətin və seçim etmək imkanlarını gündəmə gətirir. Ermənistan birmənalı Rusiyanı seçmiş olsa, o zaman Qərbdən qazandıqlarını itirə bilər. Rusiyanı itirmək də Paşinyan üçün ağır nəticələrə gətirib çıxara bilər”.
Politoloq Azərbaycan istiqamətindən də məsələni şərh edib:
“Ermənistanın seçim etmək imkanları Azərbaycan üçün risklər yarada bilməz. Biz doğru mövqedəyik. Azərbaycan tam müstəqil və dövlətimizin maraqları çərçivəsində, ən əsası da beynəlxalq normalara uyğun siyasət yürüdür. Dövlətimizin beynəlxalq siyasəti imkan verir ki, həm ABŞ, həm Rusiya, həm də Ermənistan və İranla normal əlaqələri davam etdirək. Biz heç bir ölkə ilə düşmən olmaq fikirində olmamışıq. Yalnız ölkələrin Azərbaycana münasibətinə adekvat cavab vermişik”.