Asiya fond bazarlarında əsas indekslərdə artım qeydə alınıb İqtisadiyyat

Asiya fond bazarlarında əsas indekslərdə artım qeydə alınıb

Asiya-Sakit okean regionunun fond bazarlarında son ticarət sessiyasında əsas indekslər üzrə artım üstünlük təşkil edib.

“APA-Economics" xəbər verir ki, Yaponiyanın Nikkei 225 indeksi 1 068,39 bənd və ya 1,64% artaraq 66 089,33 bəndə, “TOPIX” indeksi isə 10,50 bənd və ya 0,26% yüksələrək 4 113,73 bəndə çatıb.

Çinin “CSI” 300 indeksi 8,81 bənd və ya 0,19% artaraq 4 556,86 bənd, Avstraliyanın “S&P/ASX” 200 indeksi isə 4,01 bənd və ya 0,04% yüksələrək 9 009,90 bənd təşkil edib.

Honq-Konqun Hang Seng indeksi isə 273,56 bənd və ya 1,07% azalaraq 25 377,31 bəndə düşüb.

Bazarlardakı ümumi yüksəliş ABŞ-da açıqlanan güclü əmək bazarı göstəricilərinin qlobal iqtisadi artımla bağlı nikbinliyi artırması ilə əlaqələndirilir. Bununla yanaşı, güclü göstəricilər FED-in faiz dərəcəsini artıra biləcəyi gözləntilərini də yüksəldib. ABŞ-İran gərginliyinin davam etməsi və neftin bahalaşması isə bazarlarda ehtiyatlılığı qoruyub.