17:31
378
“Suriyada Bəşər Əsəd hakimiyyəti dövründən qalan kimyəvi silahların məhv edilməsinə başlanılıb və bu addım yeni rəhbərliyin keçmiş rejimin təhlükəli hərbi mirasından uzaqlaşmaq niyyətindən xəbər verir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Alim Nəsirov deyib.
A.Nəsirov qeyd edib ki, Dəməşq bununla beynəlxalq ictimaiyyətə göstərməyə çalışır ki, yeni Suriya əvvəlki hakimiyyətin istifadə etdiyi qeyri-qanuni hərbi vasitələrdən imtina edir: “Bu proses ölkənin beynəlxalq nüfuzunun bərpası, Qərblə münasibətlərin normallaşdırılması və Suriyaya qarşı tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması baxımından da əhəmiyyət daşıyır. Kimyəvi silahların məhv edilməsi eyni zamanda region dövlətlərinin təhlükəsizliklə bağlı narahatlıqlarını müəyyən qədər azalda bilər. Lakin prosesin etimad yaratması üçün bütün silah ehtiyatları və istehsal obyektləri beynəlxalq nəzarətə açılmalıdır”.
Onun sözlərinə görə, Əsəd hakimiyyəti uzun illər kimyəvi silah proqramının həqiqi miqyasını gizlətdiyindən ölkədə nə qədər təhlükəli maddənin qaldığını müəyyənləşdirmək asan olmayacaq: “Buna görə də yalnız silahların məhv edilməsi deyil, onların hazırlanmasında və mülki əhaliyə qarşı istifadəsində iştirak etmiş şəxslərin məsuliyyətə cəlb olunması da vacibdir. Yeni hakimiyyət prosesi şəffaf həyata keçirə bilsə, bu, Suriyanın beynəlxalq sistemə qayıdışını sürətləndirə və ölkəyə qarşı formalaşmış etimadsızlığı tədricən azalda bilər”.
Röya İsrafilova