14:07
252
“Səhiyyənin gücü yalnız müasir avadanlıq və texnologiyalarla deyil, birinci növbədə, peşəkar tibb işçiləri ilə ölçülür. Əməyin dəyərinin artırılması isə səhiyyənin gələcəyinə qoyulan sərmayədir. Tibb işçilərinin əməkhaqlarının artırılması səhiyyə sahəsində çalışan minlərlə insan üçün mühüm sosial dəstək, eyni zamanda, onların əməyinə verilən yüksək qiymətin göstəricisidir. Bu qərar həkimlərin, tibb bacılarının və digər səhiyyə əməkdaşlarının sosial rifahının yaxşılaşdırılmasına, ixtisaslı kadrların səhiyyə sistemində saxlanılmasına, peşəyə marağın artırılmasına mühüm töhfə verə bilər. Bu, nəticə etibarilə vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşmasına xidmət edəcək”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Bakivaxti.az xəbər saytının baş redaktoru Qalib İbrahimoğu deyib.
O söyləyib ki, bu addımı bütövlükdə Azərbaycan səhiyyəsinə, tibb işçilərinə və səhiyyə sisteminin gələcəyinə qoyulan mühüm sosial və institusional investisiya kimi qiymətləndirmək olar: “Bu təşəbbüs, eyni zamanda, dövlət və özəl tibb müəssisələri arasında həm xidmət, həm də keyfiyyət baxımından mövcud fərqin azalmasına da müsbət təsir göstərə bilər. Həyata keçirilən yeni islahat regionlarda kadr potensialının gücləndirilməsinə də xidmət edəcək. Bölgələrdə müasir tibbi infrastruktur, həm də peşəkar kadr təminatı formalaşdıqca, vətəndaşlar tibbi xidmətləri almaq üçün paytaxta üz tutmaq məcburiyyətində qalmayacaqlar”.
Q.İbrahimoğlunun sözlərinə görə, Birinci Vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü, Prezident İlham Əliyevin müvafiq tapşırığı ilə həyata keçirilən bu islahatların əsas məqsədi yalnız tibb işçilərinin əməkhaqqını artırmaq deyil, həm də Azərbaycan vətəndaşının sağlamlığının qorunmasını, sosial rifahının yaxşılaşdırılmasını və yaşadığı bölgədən asılı olmayaraq keyfiyyətli tibbi xidmətlə təmin olunmasını gücləndirməkdir.
Röya İsrafilova