15:15
427
Qətər hakimiyyəti Məkkə alyansının yaradılmasını dəstəkləyir və Yəmənin üsyançı "Ənsar Allah" (husilər) hərəkatının hücumları fonunda Səudiyyə Ərəbistanı ilə həmrəydir, lakin əmirliyin yeni bloka qoşulması barədə danışmaq hələlik tezdir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin Media və Kommunikasiya Departamentinin direktoru İbrahim Sultan əl-Həşmi bildirib.
"Qətər Dövləti region ölkələrinin öz təhlükəsizliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün irəli sürdüyü hər bir təşəbbüsü, o cümlədən Məkkə alyansını dəstəkləyir. Lakin Qətərin bu alyansa qoşulması haqqında danışmaq hələlik tezdir", - deyə o, brifinqdə bildirib.
Əl-Həşminin sözlərinə görə, bu müdafiə sazişi regional əməkdaşlığı gücləndirir. Diplomat vurğulayıb ki, Doha Krallığın "təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq üçün zəruri olan bütün tədbirlərdə" ər-Riyadı dəstəkləyir. O, həmçinin Səudiyyə Ərəbistanının ərazisinə, İslam müqəddəsliklərinə və mülki obyektlərə zərbələr endirən husilərin "məsuliyyətsiz yanaşmasını" qətiyyətlə pisləyib.
Fars körfəzi ölkələrinin birgə müdafiə üzrə müstəqil sistem yaratmaq cəhdləri ilə bağlı jurnalistlərin sualını cavablandıran idarə nümayəndəsi qeyd edib ki, Qətər "regionun təhlükəsizliyini və sabitliyini qoruyan hər bir addımı" alqışlayır. Bununla yanaşı, o təsdiq edib ki, Doha "digər bir regional tərəfdaş" ilə birlikdə gərginliyin azaldılması üçün Vaşinqton və Tehran arasında mesajların ötürülməsində vasitəçilik etməyə davam edir.
Məryəm Quliyeva