
Afrində "Zeytun budağı" əməliyyatı çərçivəsində bu günə kimi məhv edilən terrorçuların sayı açıqlanıb. Bu barədə Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Baş Qərargahı məlumat yayıb. Məlumata görə, əməliyyatın 55-ci günündə PKK/KCK/PYD-YPG və İŞİD terror təşkilatlarına məxsus 3524 terrorçu zərərsizləşdirilib.
Qeyd edilir ki, "Zeytun budağı" əməliyyatı planlandığı kimi uğurla davam etdirilir. TSQ Baş Qərargahından həmçinin bildirilib ki, Afrində "Zeytun budağı" hərəkatı çərçivəsində Zirikat və Deyr Mümüşə, həmçinin Afrinin Kafer Çil, Birka, Alicaro və Hamoraco kəndlərini terrorçulardan təmizlənib. Məlumatda bildirilib ki, Afrinə bir dağ və 600 metr məsafə qalıb: "Afrinə bütün giriş-çıxışlar nəzarət altına alınıb. Afrin ələ keçdikdən sonra Mabatlı bölgəsində bütün kəndlərə hücum ediləcək".
Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın isə deyib ki, Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə "Zeytun budağı" hərəkatı çərçivəsində Afrinin 70 faizini terrorçulardan təmizləyib: "Afrindən yeni Qəndil düzəltmək istəyirdilər. "Zeytun budağı" ilə onların planlarını pozduq". Qalın ABŞ ilə Türkiyə arasında Menbiç məsələsi ilə bağlı görüşün təxirə salınmasına da münasibət bildirib: "Tillersonun yerinə Pompeo gəldiyi üçün fikrimizdən geri çəkilməyəcyik. Menbiçdə ABŞ və Türkiyənin təhlükəsizliyi birgə təmin edəcəyinə inanırıq. Bunun üçün Vaşinqton vədinə əməl etməlidir".
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Şimali İraqda da anti-terror əməliyyatı keçirib. Əməliyyat zamanı Hakurk və Zap bölgələrində PKK terror təşkilatına məxsus 8 hədəf məhv edilib. Hücum zamanı xeyli terrorçu zərərsizləşdirilib.
Onu da qeyd edək ki, Müzakirə olunan mövzulardan biri Afrin əməliyyatının nə zamana qədər davam edəcəyi məsələsidir. Bu arada Avropa Parlamenti (AP) Türkiyənin Afrin əməliyyatlarını dayandırması ilə bağlı qanun layihəsini Strasburqda müzakirəyə çıxaracaq. "Hürriyyət" qəzeti yazır ki, AP-nin qanun layihəsində Türkiyənin Suriyada apardığı əməliyyatların ABŞ-la münasibətlərinə zərbə vurduğu, tərəflər arasında gərginlik yaratdığı qeyd edilib: "Türkiyənin Suriyada qurucu siyasət yürütməsinin tərəfdarıyıq. Orada yeni cəbhələrin açılması Türkiyənin təhlükəsizliyi üçün də təhdiddir. Türk hərbçiləri Afrindən çıxmalıdır. Təkcə Afrində deyil, bütün Suriya ərazisində atəşkəs elan edilməlidir". Sözügedən sənədin parlamentin müzakirəsində qəbul ediləcəyi ehtimal olunur.
Ancaq bütün təhdid və təztiqlərə baxmayaraq əməliyyat dayandırılmayacaq və əməliyyatın nə qədər davam edəcəyi hələlik məlum deyil. Türkiyə qərarlıdır. Ordunun yaxın günlərdə Afrini azad edib növbəti mərhələdə şərqə doğru Menbic əyalətinə doğru yönələcəyini bəyan edilib. Bununla da Hataydan Menbic sərhədlərinə qədər təxminən 200 kilometrlik və 4 min kvadrat kilometrlik ərazi azad edilərək Türkiyə ordusu və müttəfiqlərinin nəzarətinə keçəcək. Xatırladaq ki, 2016-cı ilin 24 avqustunda başlayan və 5 ay davam edən "Fırat kalkanı" əməliyyatı nəticəsində Türkiyə ordusu əl-Bab şəhərinə qədər dərinliyə doğru Azez və Cerablus şəhərləri arasındakı 95 kilometr uzunluğunda bir ərazini, yəni başqa sözlə 2 min kvadrat kilometr ərazini azad etmişdi. Afrində də təxminən bu qədər ərazinin nəzarətə götürüləcəyi ehtimal olunur.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, yanvarın 20-dən başlayan Afrin əməliyyatı davam edəcək. O cəmiyyətin müxtəlif təbəqələri Afrinə getmək istədiyini bildirib. O, terrorçuların qaçdığını, sürətlə şəhəri tərk etdiyini, ancaq eyni zamanda qaçarkən də bölgəni minaladığını bildirib: "Afrinə doğru karvanlar yola çıxdı, amma biz onları mülki əhaliyə zərər vermədən yolda məhv etdik. İndi də eyni üsulla davam edəcəyik. Afrini, Menbici və Fəratın şərq sahillərini də eyni şəkildə terrorçulardan təmizləyəcəyik".
Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Suriya ərazisində ABŞ hərbi bazalarının yaradılması Rusiya əleyhinə yönəlib və III Dünya müharibəsinin başlanmasına səbəb ola bilər. Dövlət başçısı bildirib ki, Türkiyə hadisələrin istənilən gedişinə hazır olmalıdır. Ərdoğan deyib ki, hazırda Suriya ərazisində Birləşmiş Ştatların təqribən 20 hərbi bazası yerləşir: "Sual yaranır: Suriya ərazisində ABŞ hərbi bazalarına nə ehtiyac var? Belə təəssürat yaranır ki, bu bazalar Rusiya və İrana qarşı yönəlib".
"Kafkassam" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Hasan Oktay deyib ki, Türkiyə ordusu Afrini azad etdikdən sonra şəhəri təhlükəsiz bölgəyə çevirəcək. Bu isə ilk növbədə Türkiyəyə qarşı təhdidi azaldacaq: "PYD və digər terror qrupları artıq Afrin kimi ərazilərdə yerləşərək Türkiyə ərazilərini təhdid etməyəcək. Bu əməliyyatın davamı Menbicdə də ola bilər. Türkiyə beynəlxalq hüququn verdiyi legitimliyi əsas gətirərək Suriya torpaqlarında terrora qarşı mübarizəni sona qədər davam etdirəcək. Bu gün Moskvada Lavrovla Çavuşoğlu arasında baş verən danışıqlar buna ən böyük dəstəkdir". H.Oktay bildirib ki, ABŞ dövlət katibinin dəyişməsi Türkiyə ilə danışıqlara mənfi təsir etməyəcək: "Çünki ABŞ terror təşkilatı, yoxsa Türkiyə ilə strateji tərəfdaş olması ilə bağlı qərar verməlidir. Türkiyənin Suriya mövzusunda irəli sürdüyü tezis bu ölkənin ərazi bütövlüyü və terrordan təmizlənməsi üzərində qurulduğu üçün həm Rusiya, həm Amerika, həm də İran tərəfindən dəstəklənəcək".
Türkiyə ordusunun nə zamana qədər Suiryada qala biləcəyinə gəlincə, H.Oktayın sözlərinə görə, Afrində təhlükəsilzik zonasının yaradılması və Türkiyədəki qaçqınların geri dönməsini təmin etməsi üçün Suriyada davamlı sülh əldə edilənə qədər Türkiyə ordusu azad edilmiş ərazilərdə qala bilər.
Müstəqil ekspert Əhəd Məmmədli isə diqqətə çatdırıb ki, çox qısa vaxtda Afrin PKK/YPĞ/PYD-dən təmizlənəcək: "Afrinin mərkəzinə bir kilometr qalıb.Yəqin ki, tezliklə Afrin terrorçulardan təmizlənəcək. Zatən buna lap əvvəldə də şübhəmiz yox idi. Afrin bölgəsi Quba rayonu miqyasında bir yerdir və sual yarana bilər ki, niyə Quba rayonu miqyasında olan bir ərazini türk ordusu iki aydır tuta bilmir? Türk ordusu Afrin bölgəsini uzağı 3 günə tutardı. Bunun üçün həmin bölgədə xalça bombalanmasının aparılması kifayət idi". Əhəd Məmmədlinin sözlərinə görə, Türk ordusu Afrin əməliyyatında bütün dünyaya yüksək peşəkarlıqla yanaşı dərin əxlaq nümunəsi göstərdi: "İki aydır Afrin bölgəsində hərbi əməliyyatlar gedir və bir nəfər belə dinc sakin öldürülməyib. Bu cür yüksək əxlaq, dərin mənəviyyat nümunəsini ancaq Türk ordusu göstərə bilərdi və göstərdi də. Bax buna görə Afrin bölgəsində hərbi əməliyyat iki ay davam etdi. Suriyada amerikalılar, ruslar, farsların da götürdüyü şəhərlərin, kəndlərin dağılmış, bərbad vəziyyətinə baxın, türklərin də terrorçulardan azad etdiyi şəhər və qəsəbələrin vəziyyətinə də. Binalar, evlər, küçələr olduğu vəziyyətdə yerlərindədir. PKK terroçularına istinadən Qərb, rus mediaları yalandan bar-bar bağırırlar, guya Afrində mülki vətəndaşlar qətl edilir. Amma bir nəfər mülki vətəndaşın ölüm şəkili, yaxud videosunu təqdim edə bilmirlər. Çünki əllərində belə bir fakt yoxdur. Əks halda, çoxdan bu faktı türk düşmənləri gözümüzə soxmuşdular". Əhəd Məmmədli deyib ki, dünyanın bir nömrəli ordusuna malik olan Birləşmiş Ştatlar, Əfqanıstanda 20 ilə yaxındır Taliban hərbi qruplaşmasına qarşı hərbi əməlyyat aparır, nəticədə terrorçu saydıqları Talibanla danışıqlara gedirlər...".
Əli