Kuşner: Tramp Kiyevə NATO tipli təhlükəsizlik zəmanətlərini nəzərdən keçirməyə hazırdır Dünya

Kuşner: Tramp Kiyevə NATO tipli təhlükəsizlik zəmanətlərini nəzərdən keçirməyə hazırdır

ABŞ Prezidenti Donald Tramp Şimali Atlantika Müqaviləsinin NATO-ya üzv bir və ya bir neçə ölkəyə silahlı hücum zamanı kollektiv cavabı nəzərdə tutan 5-ci maddəsi nümunəsində Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi imkanını nəzərdən keçirməyə hazırdır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Amerika liderinin xüsusi elçisi Cared Kuşner "X" sosial şəbəkəsində yazıb.

"Prezident Trampın Ukraynaya 5-ci maddə nümunəsində təhlükəsizlik zəmanətləri vermək imkanını nəzərdən keçirməyə hazır olması davamlı sülhə nail olmaq üçün əsas amildir", – deyə o qeyd edib. Kuşner hesab edir ki, çəkindirmə və münaqişələrin qarşısının alınması mexanizmləri ilə dəstəklənən 5-ci maddə tipli etibarlı zəmanətlər yeni müharibə riskini əhəmiyyətli dərəcədə azalda bilər.

"Bu, ABŞ-nin öz üzərinə götürə biləcəyi ən ciddi öhdəliklərdən biridir və hərtərəfli nəzərdən keçirilməyi tələb edir", – deyə o əlavə edib. Kuşner vurğulayıb ki, belə zəmanətlərin verilməsi üçün konstitusiyada nəzərdə tutulan və Konqreslə bağlı prosedurlara riayət edilməklə Trampın razılığı tələb olunacaq: "O, belə bir addımı yalnız bunun Amerikanın milli maraqlarına tam cavab verdiyinə və təhlükəsizlik sahəsində daha geniş mexanizmlərin bu zəmanətin nə vaxtsa işə salınmasını son dərəcə qeyri-mümkün edəcəyinə əmin olduğu təqdirdə atardı".

Məryəm Quliyeva