21 Noyabr 13:45
20 Noyabr 17:01
20 Noyabr 15:39
08:22
231
Fransa Prezidenti Emmanuel Makron 2027-ci ilin mayında başa çatacaq səlahiyyət müddətinin sonuna qədər konstitusiyada xərclərin gəlirləri həddindən artıq üstələdiyi büdcənin qəbulunu qadağan edən "qızıl qayda"nı təsbit etməyi planlaşdırır.
Xalqcebhesi.az "La Tribune Dimanche" qəzetinə istinadən xəbər verir ki, əsas kimi 2011-ci ildə Fransua Fiyon hökumətinin hazırladığı konstitusiya islahatı götürülə bilər. Həmin vaxt parlamentdə səsvermədən keçən mətn Nikola Sarkozinin referendumdan imtina etməsi və Sosialist Partiyasının müqaviməti səbəbindən qəbul edilməmişdi.
Makron dəyişikliyi 2027-ci ilin yanvarında keçirilə biləcək parlament konqresində səsvermə yolu ilə həyata keçirməyə ümid edir. Qanunun qəbulu üçün konqres iştirakçılarının azı 60 faizinin səsi lazımdır ki, buna da mərkəzçilər, sağçılar və müxalif "Milli Birlik" partiyasının dəstəyi ilə nail olmaq mümkündür. Lakin partiyanın prezidentliyə namizədi Marin Le Pen 2011-ci il layihəsini yetərincə işlənməmiş hesab edir. Mətnə hər hansı dəyişiklik edilərsə, ona Milli Assambleya və Senatda yenidən baxılmalı olacaq.
Son illər Fransada büdcə kəsiri Aİ-nin müəyyən etdiyi 3 faiz həddini xeyli aşıb. Artan borclar səbəbindən gələn il borca xidmət xərclərinin 79,2 milyard avrodan 91,2 milyard avroya çataraq müdafiə xərclərini üstələyəcəyi gözlənilir. Baş nazir Sebastyan Lekornünün oktyabrda təqdim etdiyi 2027-ci il büdcə layihəsində kəsiri 4,8 faizə (müdafiə xərcləri ilə birlikdə 5 faizə) endirmək üçün 54 milyard avro qənaət nəzərdə tutulur.
Məryəm Quliyeva